Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində “Enerji təhlükəsizliyində qarışıqlıq” mövzusunda keçirilən panel müzakirələrində çıxış edib. Enerji məsələləri üzrə beynəlxalq ekspert Brenda Şaffer moderatorluq etdiyi Forumda Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar və beynəlxalq ekspert Metyu Brayza da iştirak edib.
Eləcə də bax: İtaliya da Rusiya qazından imtina edəcək - BAŞ NAZİR İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ
FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, energetika naziri enerji bazarlarında mövcud vəziyyət, dayanıqlı enerji təchizatında təbii qazın artan rolu və Azərbaycanın enerji resurslarının müxtəlifliyinə əsaslanan enerji siyasətinə dair fikirlərini bölüşüb. Bildirilib ki, hazırda enerji trilemmasının hər üç aspekti – təhlükəsizlik, əlçatanlıq və davamlılıq arasında balans pozulub: “Bir tərəfdən enerji keçidindən qaynaqlanan enerji böhranı, digər tərəfdən isə davam edən siyasi gərginliklər enerji bazarlarını kəskin şəkildə qeyri-sabit və volatil edib. Bu problemi son dövrlərdə bazar iştirakçılarının enerji siyasəti, enerji resurslarına ədalətli olmayan yanaşmaları yaradıb, siyasi proseslər isə daha da dərinləşdirib”.
Nazir dayanıqlı enerji həllərinin bu gün olduğu kimi sabah da əsas çağırışlardan biri olacağını, bu aspektdə təbii qazın enerji keçidi prosesində əhəmiyyətli rol oynayacağını qeyd edib. Enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balansın təmin edilməsinin daha rasional yanaşma olduğunu və bir enerji resursundan asılılığın enerji bazarları üçün qeyri-sabitliyə yol açdığını bildirib. Həmçinin qeyd edilib ki, ötən ildən başlanan enerji böhranı kömür kimi karbon emissiyası çox olan enerji növündən istifadəni artırmaqla karbon neytrallığı hədəfinə doğru məsafənin uzanmasına səbəb olub.
Ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təbii qazla bərpa olunan enerjinin birgə inkişafında gördüyünü deyən nazir, hər iki sahə üzrə hədəfləri və planları diqqətə çatdırıb. Nazir deyib ki, Cənub Qaz Dəhlizi istehlakçıları fasiləsiz və münasib qiymətə qazla təchiz etməklə uğurlu layihə olduğunu təsdiqləyib: “TAP istismara veriləndən indiyə qədər Avropaya 9.7 mlrd. kubmetr qaz ixrac edilib. Bu il qaz ixracımızın Türkiyəyə 8.2 mlrd. kubmetrə, Avropaya isə artaraq 9.1 mlrd. kubmetrə çatacağı gözlənilir”.