Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya nəqlini həyata keçirən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Türkiyə və Avropa üçün gündəlik nəql gücü 32 mln kubmetr təşkil edir.
Eləcə də bax: Saltuk Düzyol: “TANAP ilə Türkiyəyə 8,4 mlrd kubmetr qaz nəql edilib"
FED.az xəbər verir ki, bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol Azərbaycan jurnalistləri ilə keçirdiyi onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Türkiyə bazarı üçün bu il BOTAŞ-a 6 mlrd kubmetr, Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) Avropa bazarı üçün isə 6,2 mlrd kubmetr qaz ötürülməsi nəzərdə tutulur: “Yəni bu il TANAP-la ümumilikdə 12,2 mlrd kubmetr qaz nəqli nəzərdə tutulur. TAP-ın sınaq işləri üçün ötən ilin fevral ayından 70 mln kubmetr test qazı ötürülüb”.
O bildirib ki, bu ilin əvvəlində fəaliyyətə başlayan TAP-a 2022-ci ildən plato həcmdə (10 mlrd kubmert) qaz ötürülməsi nəzərdə tutulur.
Xatırladaq ki, Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da öz növbəsində ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir. (Report)