Böyük Britaniya 2022-ci ildə 74 terawatt-saat külək enerjisi istehsal etməklə 2020-ci ildə 68 terawatt-saat külək enerjisi istehsalı rekordunu qırdı.
FED.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranından mənfi təsirlənən ölkədə son vaxtlar ehtiyatların şaxələndirilməsi strategiyası gündəmə gəlib.
Böyük Britaniyanın külək stansiyaları 2022-ci ildə rekord elektrik istehsal edib.
Ölkədə güclü küləklər və artan külək turbinləri parkı təbii qazın qiymətinin artmasının mənfi təsirini yumşaldır.
Böyük Britaniya külək enerjisi istehsalı baxımından Avropanın ən əlverişli hava şəraitinə malik ölkələr sırasındadır.
Digər Avropa ölkələri ilə müqayisədə Böyük Britaniya küləyin daha güclü və dayanıqlı olduğu dənizin üstündə yerləşən külək turbinlərinin sayına görə lider ölkədir.
Ölkənin elektrik şəbəkəsi operatoru olan Milli Şəbəkədən verilən məlumata görə, külək stansiyaları bu il 74 terawatt saat enerji istehsal edib ki, bu da 19 milyon evin ehtiyacını ödəməyə kifayət edəcək.
Rekord hasilat ölkənin yeni dəniz külək stansiyalarının istehsala başlamasından sonra qeydə alınıb. Gələn il SSE və TotalEnergies enerji şirkətləri ilə birgə Seagreen adlanan və 1,1 giqavat gücündə olacaq dəniz külək fermasının yayda işə başlaması planlaşdırılır.
Böyük Britaniya 2020-ci illərin sonuna qədər külək enerjisi stansiyalarının gücüqü indikindən 3 dəfə artırmağı və 50 gigavatta çatdırmağı planlaşdırır.
Üstəlik baş nazir Rishi Sunakın təşəbbüsləri ilə quruda da külək enerjisi gücündə artım baş verməsi gözlənilir.
Doğrudur, ölkədə küləyin sürətinin azaldığı dövrlər də var, lakin külək enerjisinin uzun müddətdə yanacağa tələbatın azalmasına səbəb olacağı aydındır.
Hava proqnozları Milad və Yeni il zamanı güclü küləkləri göstərir. Tətil dövründə bir çox müəssisə bağlandığından enerjiyə tələbat da azalır, yəni külək enerjisi ölkənin ehtiyaclarının əksəriyyətini ödəyə bilər.