Bu ilin sonunda dünya bazarında Brent markalı neftin qiyməti 20-25 dollarlıq hədlərə düşə bilər.
Bu barədə FED.az-a birjaların texniki analizi üzrə mütəxəssis, «BTB Kapital» İnvestisiya şirkətinin Forex şöbəsinin müdiri, Trader/Analitik Nizami Alişan bildirib.
Onun sözlərinə görə, neftin ucuzlaşacağı barədə nəticəyə, «BP» neft şirkətinin səhmlərinin qiyməti ilə neftin qiyməti arasındakı əlaqəni təhlil edərkən gəlib.
«BP» şirkətinin səhmlərinin qiyməti ilə Brent markalı neftin qiymətləri arasında korrelyasiya (qarşılıqlı əlaqə) son 1 il ərzində +80%-ə çatıb.
Yəni neft səhmləri bahalaşırsa BP səhmləri də bahalaşır və ya əksinə»-deyə ekspert bildirib.
Onun sözlərinə görə, iyun ayından başlayaraq birjada «BP» şirkətinin səhmləri dayanmadan ucuzlaşır. Neft isə indi, iyun ayındakı qiymətindən çox da fərqlənmir (41$). «Halbuki, Brent markalı neftin, «BP»nin səhminin qiymətləri ilə korrelyasiyasını nəzərə alaraq Brent markalı neftin qiyməti də ucuzlaşmalıdır».
Ekspert xatırladıb ki, «Brent» markalı neftin 39$ qiymətində güclü dəstək həddi var: «Əgər bu hədd qırılarsa Neft növbəti bir neçə həddləri qıraraq 20$ həddinə kimi ucuzlaşa bilər».