Bu gün bp Azərbaycanın neft-qaz sahəsində ən qədim təhsil ocağı və postsovet məkanında ən nüfuzlu energetika universiteti olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə tam təchiz olunmuş müasir nəşriyyat evi hədiyyə edib.
FED.az xəbər verir ki, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Biz Azərbaycanla 30 illik tərəfdaşlığımızın ilk günündən Neft və Sənaye Universiteti ilə sıx əməkdaşlıq edirik. Bu müasir nəşriyyat evinin istifadəyə verilməsindən çox məmnunuq və inanırıq ki, bu, professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat fəaliyyətlərinə təkan verəcək. Biz həmçinin ümid edirik ki, nəşriyyat evi 10000-dən çox tələbə və 800 nəfərlik professor-müəllim heyətinə fayda gətirməklə universitetin çap və nəşr ehtiyaclarını tam təmin edəcək.”
Layihə yerli universitetlərdə təhsil və elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması, tədris infrastrukturunun təkmilləşdirilməsi, aparıcı beynəlxalq universitetlərlə tərəfdaşlıq əlaqələrinin qurulması və qabaqcıl beynəlxalq təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi səylərinə bp-nin dəstəyinin bir hissəsidir.
Layihənin ümumi dəyəri təxminən 370 000 AZN təşkil edir və buraya nəşriyyat və çap avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, eləcə də obyektin işə salınması üzrə xərclər daxildir.
bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.