“BP-Azərbaycan” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Qarabağ" layihəsi ilə bağlı şərtləri razılaşdırmalıdır.
FED.az xəbər verir ki, bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, BP şirkəti "Qarabağ" layihəsinə qoşulmaq istəyir: "Bununla bağlı niyyətimizi bildirmişik. Amma layihə ilə bağlı çoxlu sayda texniki, kommersiya şərtləri var. Bunların hər biri razılaşdırmalı, sənəd hazırlanmalıdır ki, bunu imzalayaq və layihəyə qoşulaq".
Xatırladaq ki, 2024-cü il sentyabrın 20-də SOCAR ilə BP arasında “Qarabağ” neft yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsinə dair Anlaşma Memorandumu imzalanıb.
Birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən ADUA sahəsidir.
SOCAR və "Equinor" 31 may 2018-ci il tarixində Bakıda Əşrəfi - Dan Ulduzu - Aypara perspektiv strukturlar blokunun kəşfiyyatı və işlənməsi üzrə Hasilatın Pay Bölgüsü (PSA) tipli müqavilə və "Qarabağ" yatağının işlənməsi üzrə Risk Xidməti Müqaviləsi imzalayıblar. Layihənin həyata keçirilməsi üçün SOCAR və “Equinor” paritet əsaslarla əməliyyat şirkəti yaradıblar. Lakin “Equinor” 2023-cü ilin dekabrında bu layihələrdəki 50 %-lik payını SOCAR-a satıb. Sövdələşmə 2024-cü il aprelin 24-də bağlanıb. (Report)