BP və Azərbaycan Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokuna dair saziş imzalayacaq.
FED.az xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O qeyd edib ki, saziş D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsini əhatə edəcək: "Bu sahədə əhəmiyyətli miqyasda neft ehtiyatları mövcud ola bilər. Artıq bütün lazımi işlər görülüb və sazişin imzalanmasının yaxın günlərdə baş tutması planlaşdırılır".
Xatırladaq ki, 2016-cı il mayın 24-də Bakıda BP və SOCAR arasında Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökumət planının bir hissəsi kimi, bu memorandum D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparması üçün BP-yə müstəsna hüquq verib.