“Şəfəq-Asiman" üzrə Kəşfiyyat Qazma Layihəsi Şəfəq-Asiman müqavilə sahəsinin daxilində kəşfiyyat quyusunun (SAXO1 adlanan) qazılmasından ibarətdir. Quyunun qazılması ilə əlaqədar planlaşdırılan fəaliyyətin həyata keçirilməsinə icazə almaq üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) hesabatı hazırlanaraq bu il avqust ayının 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.
FED.az xəbər verir ki, bunu “BP Azerbaijan” şirkətinin mətbuat katibi Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, hazırda BP hökumətin icazəsini gözləyir: “Təxminən oktyabr ayında hökümətdən layihənin icrasına başlanılması üçün cavab gözləyirik. Müsbət cavab verilərsə artıq quyunun qazılmasına başlanılacaq. SAXO1 kəşfiyyat quyusu Şəfəq-Asiman Kontrakt Sahəsində Bakıdan təxminən 125 km cənub-şərqdə suyun dərinliyinin təxminən 624 m olduğu sahədə qazılacaq. Qazmanın cari ilin 4-cü rübündə başlanması və qazma fəaliyyətlərinin tamamlanması üçün 12 aya qədər müddətin lazım olduğunu bildirmişik.
SAXO1 quyusunun qazılmasının məqsədi isə Kontrakt sahəsinin potensial gələcək işlənməsindən qabaq kollektorun bu hissəsində karbohidrogenlərin olub-olmadığını təsdiqləməkdir. SAXO1 quyusu vasitəailə dəniz səviyyəsindən təqribən 6 000-7 000 metr dərinlikdə potensial karbohidrogen kollektorunun açılması planlaşdırılır".
Xatırladaq ki,, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.
Report