AÇG-dəki sərbəst təbii qaz ehtiyatlarının 4 trilyon kubfutadək olduğu proqnozlaşdırılır.
Prezident: "2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, "Qərbi Çıraq" platformasından ilk sərbəst təbii qaz hasilatı quyusu qazılıb və yaxın aylarda ilk qazın hasil olunacağını gözlənilir: "Bu quyu həmçinin AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının işlənməsi üzrə növbəti addımların müəyyənləşdirilməsi üçün mühüm qiymətləndirmə məlumatları təqdim edəcək. Ötən il biz həmçinin "Qarabağ" və "Əşrəfi-Dan Ulduzu-Aypara" layihələrinə də qoşulduq".
O əlavə edib ki, məqsəd Xəzərdə yeni neft və qaz yataqlarının və perspektiv strukturların kəşfiyyatı və işlənməsidir: "SOCAR ilə birlikdə mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan verəcək işlənmə variantlarını qiymətləndiririk. Operator olaraq, bu layihələrin təhlükəsiz və səmərəli şəkildə irəli aparılması üçün qlobal təcrübəmizi və texnologiyalarımızı tətbiq edirik. İlk addım olaraq, hər iki layihə üzrə laylar haqqında daha ətraflı məlumat əldə etmək məqsədilə seysmik tədqiqat proqramları həyata keçiririk. Bu məlumatlar gələcək işlənmə konsepsiyalarının hazırlanması üçün çox əhəmiyyətli olacaq. Biz həmçinin Şəfəq-Asiman bloku üzrə qiymətləndirmə işlərini davam etdiririk və bunu artıq yeni tərəfdaşımız TPAO ilə birlikdə həyata keçiririk. Bu əməkdaşlıq layihəyə əlavə texniki və maliyyə imkanları gətirir. Bu isə perspektivli struktur üzrə işlərin sürətləndirilməsinə kömək edəcək". (Report)











