bp-nin baş icraçı direktoru Marri Okinkloss Azərbaycanda ikigünlük işgüzar səfərdədir. Bu səfərdə onu bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel müşaiyət edir.
FED.az xəbər verir ki, bu gün səhər cənab Okinkloss Azərbaycanİlham Əliyev tərəfindən qəbul edilmiş və görüşdə bp-nin regiondakı əsas biznes fəaliyyətlərini müzakirə etmişdir. Görüş zamanı cənab Okinkloss bp-nin Azərbaycanla bağlı öhdəliklərinə sadiq olduğunu bir daha vurğulamış, şirkətin uzunmüddətli tərəfdaşlıq planları haqqında məlumat vermiş və bp-nin ölkənin enerji keçidi sahəsində səylərinə dəstək məqsədilə az karbonlu enerji həlləri və yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini bildirmişdir.
Okinkloss dünya səviyyəli Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarında hazırda aparılan işlər və gələcək işlənmə imkanları haqqında da məlumat vermişdir. O, həmçinin Cəbrayıl rayonunda həyata keçiriləcək Şəfəq günəş elektrik stansiyası layihəsi haqqında danışmış və bildirmişdir ki, bu layihə bp-nin operatoru olduğu Səngəçal terminalının elektrikləşdirilməsinə dəstək olmaqla Azərbaycanın və bp-nin öz əməliyyatlarındakı emissiyaları azaltmaq məqsədlərinə töhfə verəcək.
Səfər proqramı çərçivəsində cənab Okinkloss İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov və SOCAR-ın prezidenti cənab Rövşən Nəcəflə də görüşmüşdür. Bu görüşlərdə bp-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr çərçivəsində aparılan işlər müzakirə olunmuşdur.
Səfər zamanı cənab Okinklossun şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə rəhbər heyəti ilə görüşləri, bp-nin regional işçi heyəti ilə ümumi görüşü, həmçinin Səngəçal terminalına səfəri də planlaşdırılır.