bp-nin baş icraçı direktoru Bernard Luni Azərbaycanda ikigünlük səfərdədir. Şirkətin yaydığı məlumatda bildirilir ki, bu, planlaşdırılmış işgüzar səfərdir.
FED.az xəbər verir ki, səfər proqramında nəzərdə tutulduğu kimi, bu gün səhər cənab Luni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş və görüşdə bp-nin Xəzər regionunda əsas biznes fəaliyyəti olan neft və qaz layihələri çərçivəsində görülən işləri müzakirə etmişdir.
Görüş zamanı cənab Luni həmçinin bp-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha vurğulamış, görüləcək işlər və planlar haqqında məlumat vermiş, bp-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlamışdır.
Cənab Luni Şəfəq (Sunrise) layihəsini həyata keçirmək, eləcə də neft və qaz əməliyyatlarının dekarbonizasiyasına nail olmaqla Azərbaycanın və bp-nin atmosferə emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq məqsədlərini dəstəkləyən digər imkanlar axtarmaq üçün birgə işləmək baxımından bir müddət öncə bp ilə Energetika Nazirliyi və bp ilə SOCAR arasında imzalanmış sazişlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Səfər çərçivəsində cənab Luni bir sıra digər görüşlər, o cümlədən bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionundakı işçi heyəti ilə də görüş keçirmişdir.