bp Abşeron yarımadası ətrafında dayazsulu hissənin (AYDH) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə operator olaraq bildirir ki, üçüncü geoloji-kəşfiyyat quyusu 25 may 2022-ci il tarixində təhlükəsiz şəkildə bağlanmış və daimi tərk edilmişdir.
Eləcə də bax: bp Azərbaycan üçün dekarbonizasiya üzrə təkliflər sənədini - TƏQDİM EDİB
FED.az xəbər verir ki, şirkətin yaydığı məlumatda bildirilir ki, saziş sahəsinin Cənub Şərq perspektiv hissəsində yerləşən Qarabatdağ ərazisində qazılmış bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmamışdır.
QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılmışdı. Quyunun qazılmasına aprel ayının 4-də başlanmışdı və əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılırdı. Əsas hədəfdə karbohidrogen ehtiyatları müşahidə olunmadığından qazma əməliyyatları 2185 metr dərinlikdə dayandırılmışdır.
bp AYDH layihəsinin operatorudur və kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişdə 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti - 50% və LUKOİL - 25%.