Dünyanın əsas neft şirkətlərindən biri, Azərbaycanda ən böyük neft-qaz layihələrinin operatoru olan bp şirkəti qarşıdakı illərdə biznesində ciddi yeniliklər etmək niyyətindədir.
Eləcə də bax: BP Azərbaycanda yeni neft yatağının işlənməsi ilə bağlı sənədi - AÇIQLAYIB
FED.az xəbər verir ki, BP-nin bununla bağlı planları və mümkün ssenarilər qarşıdakı 30 illik müddəti əhatə edən «Enerji perspektivlərinə baxış–2020» hesabatında açıqlanıb.
Bir neçə gün əvvəl bp 30 il ərzində dünyanın enerji bazarlarının necə inkişaf edəcəyinə dair analitik məlumatlarla dolu olan və qlobal enerji keçidi üçün mümkün istiqamətləri əks etdirən illik yol xəritəsini dərc edib. Proqnoz məlumatlar 2050-ci ilə qədər olan dövrü əhatə edir – bu müddət əvvəlki nəşrlərə nisbətən on il daha çoxdur.
Şirkət bu dövr üçün üç əsas ssenaridən istifadə edilib:
Operativ – bu ssenaridə direktiv tədbirlərin tətbiqi və karbon qiymətində əhəmiyyətli artım ehtimal edilib ki, bu da enerjidən istifadə nəticəsində yaranan karbon emissiyalarının 2018-ci ildəki səviyyələrə nisbətən təxminən 70% azalması ilə nəticələnir.
Xalis sıfır emissiya – bu ssenaridə yanaşmalarda əhəmiyyətli dəyişikliklər etməklə Operativ ssenaridəki direktiv tədbirlərin gücləndirilməsi və nəticədə karbon emissiyalarında 95%-dən çox azalmanın baş verməsi güman edilir.
Fəaliyyətlərin normal qaydada davam etməsi (FNQDE) – burada siyasətlərin və üstünlük verilən prinsiplərin keçmişdə müşahidə edilmiş templərlə davam etməsi və emissiyaların 10% azalması güman edilir.
Hesabatdakı əsas məqamlara əsasən, enerjiyə tələbatın artması, amma neftə tələbatın düşməsi gözlənilir.
Hər üç ssenariyə əsasən qarşıdakı 10-15 ildə dünyada enerjiyə tələbat artır (2050-ci ilədək FNQDE ssenarisində 25%-dək daha yüksəkdir), neftə tələbat isə azalır. Xalis sıfır emissiya ssenarisində azalma ümumiyyətlə 80%-ə yaxın olacaq.
Hesabatda bildirilir ki, külək və günəş enerjisinin payı artmaqla qlobal enerji sistemlərinin strukturunda fundamental dəyişikliklər gözdlənilir. Bütün ssenarilərdə enerji balansının strukturu daha çox diversifikasiya olub: karbohidrogenlərin payının azalması, bərpa olunan enerji mənbələrinin payının artması ilə müşayiət olunur; bərpa olunan enerji mənbələri bütün ssenarilərdə ən sürətlə artan enerji mənbəyidir (külək və günəş enerjisi üstünlük təşkil etməklə).
Digər əsas dəyişiklik dünyada elektrikləşmə prosesinin davam etməsi ilə bağlı idi. Son istehlakçıların elektrik enerjisindən istifadə miqdarı Xalis sıfır emissiya ssenarisində artaraq 2018-ci ildə mövcud olan 20% səviyyəsindən 50%-dən yüksək səviyyəyə çatır.
«bp-nin «Enerji perspektivlərinə baxış» hesabatı enerji sahəsində dəyişən mənzərəni daha yaxşı başa düşməyimizə yardım edən əvəzsiz bir vasitədir və yeni strategiyamızın hazırlanmasında çox mühüm rol oynayıb. Hətta pandemiyanın qlobal miqyasda karbon emissiyalarını kəskin şəkildə azaltmasına baxmayaraq, dünya yenə də dayanıqlı olmayan istiqamətdə irəliləyir. Lakin, hesabatda verilmiş təhlil göstərir ki, qətiyyətli siyasi tədbirlər görməklə və həm şirkətlər, həm də istehlakçılar tərəfindən daha az karbon tutumlu seçimlər edilməklə, enerji keçidini yenə də reallaşdırmaq mümkündür»- deyir Bernard Luni.
«Bu hesabatda enerji sistemi daha az karbonlu dünyaya doğru keçid etdikcə rastlaşdığımız bir sıra qeyri-müəyyənlikləri daha yaxşı başa düşməyə yardım etmək üçün bu müxtəlif ssenarilərdən istifadə edilir. Bu qeyri-müəyyənliyə dair biliklərimizin artırılması rastlaşa biləcəyimiz bir sıra nəticələrə qarşı güclü və çevik bir strategiyanın hazırlanmasına əhəmiyyətli töhfə verir».-deyir Spenser Deyl, bp-nin baş iqtisadçısı.