BP şirkəti “Dayazsulu Abşeron” sahəsində qazma əməliyyatlarını gələn ilə saxlayıb.
FED.az xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
B.Aslanbəyli bildirib ki, BP “Dayazsulu Abşeron” sahəsində qazma işlərinə 2020-ci ilin birinci yarısında başlamağı planlaşdırır.
Xatırladaq ki, BP daha əvvəl Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş 3 perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılmasının davam etdiyini açıqlamışdı. Şirkət ilk quyunun qazılması işlərinə cari ilin sonlarında başlanmasının nəzərdə tutulduğunu bildirmişdi.
Qeyd edək ki, BP ilə SOCAR 2014-cü ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında saziş imzalayıb. Saziş 2015-ci il aprelin 14-də Milli Məclis tərəfindən ratifikasiya olunub.