“bp-Azərbaycan” 2022-ci ilin birinci yarısının yekunları üzrə biznes əməliyyatları hesabatını açıqlayıb.
Eləcə də bax: bp ACE layihəsi üzrə növbəti mərhələni uğurla - TAMAMLADI
FED.az hesabatı təqdim edir:
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2022-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
İlin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi bp-nin icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı plana uyğun şəkildə irəliləmişdir.
ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Qazma modullarının üst tikililər blokunun üzərinə qaldırılması və yerləşdirilməsi təhlükəsiz və səmərəli şəkildə yerinə yetirilmişdir. Çəkisi 2350 ton olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti (QAD) əvvəlcə özü hərəkət edən qoşqular vasitəsilə əsas qaldırma yerinə aparılmış, sonra altına əlavə polad kasetlər yerləşdirməklə təxminən 27 metr lazım olan hündürlüyə qaldırılaraq göyərtənin üzərinə sürüşdürülmüşdür. Bu, bp-nin Xəzərdə ilk dəfə icra etdiyi və dəqiqliklə planlaşdırılmış mürəkkəb bir əməliyyat idi. Hazırda qazma qurğularının üst tikililər göyərtəsində inteqrasiyası davam edir.
Layihə çərçivəsində daha bir uğurlu əməliyyat üst tikililərin şimal və cənub kranlarının qazvurma kompressorunun buraxıcı qurğusu ilə birlikdə quraşdırılması oldu.
Üst modulları borularının yığılması və hidrosınağı qrafikə uyğun irəliləmişdir. Üst tikililərin və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə davam etmiş, əsas elektrik generatorunun, kimyəvi injeksiya və çirkab suların emalı qurğularının istismar sınaqları başlamışdır. Yaşayış modullarının mexaniki tamamlanması ilə bağlı təhvil işləri plana uyğun davam etmişdir.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi tamamlanmışdır və hazırda barja yükləmə ilə bağlı hazırlıq işləri davam edir.
Layihə üzrə dalğıc işləri Xankəndi sualti tikinti gəmisinin dəstəyi ilə davam etmişdir. ACE sualtı qaz boru xətlərinin yataqdaxili sualtı boru kəmərinə bağlanması iyunda həyata keçirilmiş Şərqi Azəri platformasının profilaktik işlər proqramı çərçivəsində yerinə yetirilmişdir.
Qaz boru xəttinin bağlanması işləri üçün Mərkəzi Azəri və Şərqi Azəri platformalarında ACE layihəsi ilə bağlı bütün işlər də tamamlanmışdır. Ümumilikdə ACE layihəsi üçün lazım olan bütün iş həcmi Şərqi Azəri platformasının profilaktik işlər proqramı zamanı uğurla icra olunmuşdur.
ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında aparılan modifikasiya tikinti işləri davam etmişdir.
İkinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 75% tamamlanmışdı. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.
Hasilat
2022-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (108 000), Qərbi Azəri (109 000), Şərqi Azəri (62 000), Dərinsulu Günəşli (78 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 424 000 barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir.
Plana əsasən Şərqi Azəri platformasından hasilat təxminən 15 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır.
İkinci rübdə həmçinin Çıraq Qazlift layihəsi də təhlükəsiz və büdcəyə uyğun şəkildə tamamlanmışdır. Layihə çərçivəsində obyektin təhlükəsiz istismarını təmin edəcək mühüm modifikasiyalar həyata keçirilmişdir ki, bu da insan müdaxiləsi və əməliyyat prosedurlarından asılılığı azaltmaqla artıq təzyiq riskinin idarə edilməsinə kömək edəcək. İl ərzində yeni Qazlift paylama sistemi hasilat cədvəlinə uyğun olaraq platformanın digər seçilmiş quyularına da tətbiq olunacaq.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2022-ci ilin birinci yarısında AÇG-də səkkiz neft hasilatı quyusu tamamlanmışdır.
Səmt qazı
2022-ci ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Səngəçal terminalı
Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İlk altı ay ərzində terminal təxminən 114 milyon barel neft və kondensat, o cümlədən 107 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlin ilk altı ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 69 milyon standart kubmetr (təxminən 2 milyard 440 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Bakı-Tbilisi-Ceyhan (BTC)
BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.
2022-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 49 milyon dollar, əsaslı xərclərə isə 9 milyon dollar vəsait xərclənmişdir.
Martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5087 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%).
2022-ci ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 260 milyon dollar əməliyyat xərcləri və təxminən 186 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon ton (18 milyon bareldən artıq) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2022-ci ilin birinci yarısında Şahdəniz 2 layihəsi çərçivəsində aparılan tikinti işləri qərb-cənub cinahından bu ilin üçüncü rübünə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləmişdir.
Xankəndi sualtı tikinti gəmisi qərb-cənub cinahında əsas sualtı quraşdırma işlərini təhlükəsiz şəkildə başa çatdırmışdır. Bu işlərə sualtı boru xətlərinin, hasilat üçün fontan armaturlarının, manifoldlar və idarəetmə sistemləri üçün sualtı elastik kabellərin quraşdırılması daxildir. Sualtı xətlərin bağlanması üçün dalğıc işləri də əsasən başa çatmışdır.
Qərb-cənub cinahından hasilatın başlanması layihəsi çərçivəsində Şahdəniz Bravo platformasının üzərində aparılan işlər də irəliləmişdir və hazırda başa çatmaq üzrədir. Layihənin hər iki hissəsində - həm platformanın üstündə, həm də sualtı hissədə ilkin istismar sınaqları və yoxlama fəaliyyətləri qrafikə uyğun irəliləyir. İlk dərinsulu cinah olan şərq-şimal cinahının keçən il işə salınmasından əldə edilmiş ən yaxşı təcrübə və bilgilər qərb-cənub cinahının istismara verilməsi üçün aparılan bütün tikinti işlərində geniş tətbiq olunur.
Qazma əməliyyatları
İkinci rübdə Şahdəniz Alfa platformasında quyularda bir sıra işlər aparılmış, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam etmişdir.
İstiqlal və Maersk Explorer qazma qurğuları Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb-cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,00%), Cənub Qaz Dəhlizi (6,67%).
İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 29 milyon dollar, əsaslı xərclər isə təqribən 2 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,9 milyon kubmetr olmuşdur.
Geoloji kəşfiyyat
Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda ilkin seysmik məlumatların emalı da daxil olmaqla qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bunun ardınca isə nəticələrin interpretasiyası həyata keçiriləcək. Bu təhlil karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.
Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) layihəsi çərçivəsində üçüncü geoloji-kəşfiyyat quyusu - QBDX01 - 25 may 2022-ci il tarixində təhlükəsiz şəkildə bağlanmış və daimi tərk edilmişdir. Saziş sahəsinin cənub şərq hissəsində yerləşən Qarabatdağ ərazisində qazılmış bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmamışdır. Bundan qabaq AYDH çərçivəsində Şimal Xalı (2021-ci ilin dekabrında tərk edilib) və Bibiheybət (2022-ci ilin mart ayının ortalarında tərk edilib) sahələrində qazılmış iki kəşfiyyat quyusu da eyni nəticə ilə bitmişdir. QBDX01 quyusu AYDH layihəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi olduğundan “Satti” özüqalxan qazma qurğusu AYDH proqramında iştirakını bitirmişdir.
İşçi heyətimiz
İkinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2268 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2022-ci ilin birinci yarısı ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1,3 milyon dollardan artıq vəsait xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
Qeyd: Biznes əməliyyatları haqqında bu məlumat Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, birgə press relizidir.