BP şirkəti Azərbaycanda mövcud “Qobustan” hasilatın pay bölgüsü sazişində (HPBS) 61 faiz iştirak payı əldə edib.
BP-dən FED.az-a verilən məlumata görə, bu pay “Arawak Energy” şirkətinin filialı və “Vitol” Qrupun bir hissəsi olan “Commonwealth Gobustan Limited” şirkətindən alınıb və həmin şirkətə məxsus iştirak payının bir hissəsidir.
“Bu sövdələşmənin bir hissəsi olaraq, həmçinin SOCAR-ın da təsdiq etdiyi kimi BP həmin müqavilə sahəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə bir axtarış-kəşfiyyat quyusu qazacaq və bu quyu ilə bağlı əməliyyatların operatoru olacaq", - BP-nin məlumatında qeyd olunur.
Eyni zamanda quyunun 2019-cu ilin ikinci yarısında qazılmasının planlaşdırıldığı vurğulanıb.
Qeydi edək ki, “Cənub-Qərbi Qobustan” yatağının işlənməsi ilə Gobustan Operating Company məşğul idi, layihənin operatoru isə «Commonwealth Gobustan Limited» şirkəti idi, amma 2016-cı ildən bu şirkət Bakı ofisini bağlayıb.
Yatağın işlənməsi üzrə müqavilə 2998-ci ildə bağlanmışdı və müddəti 2023-cü ildə, yəni 6 ildən sonra bitir. Əvvəlcə layihədə SOCAR (20%), ABŞ-ın Union Texas Petroleum — UTP şirkəti (40%) və Britaniyanın «Commonwealth Oil & Gas» şirkəti (40%) iştirak edirdi.
Amma tezlikə UTP şirkəti layihəni sərfəli saymayaraq buradan çıxdığını elan etdi. Ona məxsus olan 40% pay isə «Commonwealth Oil & Gas»a keçdi. Amma şirkət bu payı maliyyələşdirmək gücündə deyildi və uzun illər idi ki, bunun üçün öz payını dəfələrlə satmağa çalışır, sonda isə kəşfiyyat müddətini uzatmaq üçün SOCAR-a müraciət edirdi.
Müqaviləyə görə, layihə üzrə kəşfiyyat müddəti 2001-ci ildə başa çatmalı və bu müddət ərzində yataqda 7 quyu qazılmalıydı. Amma həmin müddətin sonunda yalnız layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün tender keçirilmişdi.
Azərbaycan tərəfinin qiymətləndirməsinə görə, bu blokda çıxarıla bilən neft ehtiyatlarının həcmi 115 milyon barel (indiki qiymətlərlə 9,2 milyard dollar edir) və 15 mlrd kubometr qazdır (indiki qiymətlərlə 4-5 milyard dollar) təşkil edir.
Hazırda adı çəkilən blokda yalnız bir quyunun məhsuldarlığı haqqında məlumat var – Şərqi Hacıvəli strukturundakı bir quyu gündə 0,4 ton neft verir. Layihənin digər iştirakçılarının adları və onların pay bölgüsü açıqlanmır.
BP Azərbaycanda hamının "əlini üzdüyü" yatağa - PUL YATIRIR
01:09
17 Sen 2018