Bolqarıstan cari ilin sentyabr ayında Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) ilə Azərbaycan qazı əldə etməyi ümid edir.
Eləcə də bax: Rusiya Bolqarıstana qaz nəqlini - DAYANDIRIR
FED.az xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kirill Petkov bəyan edib.
“İyunun sonunda İGB-nin istifadəyə verilməsi fakt olacaq və sentyabrdan etibarən onun vasitəsilə Azərbaycan qazı nəql olunacaq. Bu, bizim ölkəmiz üçün daha aşağı qiymət və böyük enerji müstəqilliyi anlamına gələcək”, - Petkov Yunanıstanın Komotini regionuna səfərindən sonra bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, Bolqarıstan mətbuatı Petkovun sözlərindən sitat gətirərək bildirib ki, bu qış Bolqarıstanda qazın yüksək qiymətinin səbəbi Azərbaycan qazının İGB ilə nəqlinin mümkün olmaması olub. “Bunun baş verməsinin səbəbi layihənin tamamlanmaması və kiminsə daha ucuz partiyalardan könüllü imtina etməsi olub”, - o bildirib.
Xəbər verildiyi kimi, Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) Azərbaycandan Bolqarıstana təbii qazın nəql ediləcəyi Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub. İnterkonnektorun 2022-ci ilin iyulunda işə salınması planlaşdırılır və bu, Bolqarıstana təkcə Azərbaycan qazını almağa deyil, həm də Rusiya qazından imtina etməyə imkan verəcək.
IGB işə salındıqdan sonra bu qoşulma Bolqarıstanı əvvəlcə ildə 1 milyard kubmetr qazla təmin edəcək, sonrakı mərhələdə isə bu həcm ildə 3 milyard kubmetrə qədər artacaq.
Azərbaycan Bolqarıstana 1 milyard kubmetr qazın (sonradan 3 milyard kubmetrə qədər artırılmaqla) tədarükünə dair müqavilə bağlayıb. TAP qaz kəməri ilə nəqlə 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi nəzərdə tutulduğundan 4 dəfə az olub.
Hazırda Azərbaycan qazı Bolqarıstana Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) illik ötürmə gücü 3,68 milyard kubmetr olan mövcud xətlə nəql edilir. Bu, Azərbaycan qazının Bolqarıstana idxal imkanlarını kəskin azaldır və illik yalnız 250-300 milyon kubmetr üqaz nəql etməyə imkan verir. (İnterfaks)