Husilərin Səudiyyənin neft yataq və zavodlarına hücumu və neft hasilatının yarıbayarı azalması gözlənildiyi kimi birjalarda neftin kskin bahalaşması ilə nəticələnib.
FED.az xəbər verir ki, sentyabrın 16-da birja açılan anda Brent neftin qiyməti 11,5 dollar yüksələrək 71,95 dolları görüb. Xatırladaq ki, ötən həftə birja 60,15 dollar ilə qapanmışdı. “West Texas Intermediate” markalı neftin bir barelinin qiyməti isə 8,5 dollar və ya 15 faiz artaraq 63,34 dollar olub.
Birjanın açılmasından əvvəl ABŞ prezidenti Tramp Səudiyyə Ərəbistanına hücumlardan sonra ehtiyac yaranarsa ABŞ-ın strateji neft ehtiyatlarından istifadəyə icazə verdiyini bildirib.
Qeyd edək ki, Yəməndəki husilərin Səudiyyə Ərəbistanının neft mədənlərinə hücumudan sonra neftin bahalaşacağı gözlənilirdi. Sual bu bahalaşmanın nə qədər olacağı ətrafındadır.
«Reuters»in rəyini öyrəndiyi mütəxəssislərdən bəziləri hətta qiymətlərin 100 dollara qalxa biləcəyini güman edir. Ekspertlər güman edir ki, bu o halda baş verə bilər ki, Səudiyyənin neft aemalı zavodları 30 gün işə düşə bilməsin.
Analitik Bob Maknelli isə hesab edir ki, qarşıdakı həftədə neftin qiyməti 15-20 dollar arta bilər.
Digər mütəxəssis Qreq Nyumanın ehtimalına görə, neft cəmi 2 dollar bahalaşacaq, bundan sonra isə qiymət artımı 7-10 dollara çata bilər.
«Lipow Oil Associates» şirkətinin rəhbəri Endryu Lipau hesab edir ki, qiymətlər hər barelə görə 5-10 yüksələ bilər.
«Clearview Energy» araşdırma qrupunun rəhbəri Kevin Book isə bildirir ki, hücumların neftin qiymətinə təsiri onun nəticələrinin hansı müddətdə aradan qaldırılacağından asılıdır. Onun fikrincə qiymətlər təqribən 10% və ya 6 dollar yüksələ bilər. Təmir işləri 3 həftədən çox davam edərsə isə qiymət artımı 10 dolları keçəcək.
Husilərin hücumu və neftin bu hadisəyə görə bahalaşması Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin artmasına təsir edə bilər. Qeyd edək ki, bu il büdcədə «Azəri layt» neftinin qiyməti 60 dollardan götürülüb. Bir qayda olaraq «Azəri layt»ın qiyməti «Brent» neftindən 2-3 dollar baha olur. Son vəziyyət belədir ki, ötən həftənin axırında «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,3 ABŞ dolları, yaxud 0,5% artaraq 63,74 dollar təşkil edib. Büdcədə isə yanvar-iyul aylarının yekunu olaraq 667,2 milyon manat kəsir var.