Cari ilin birinci yarımili üzrə respublikada elektrik enerjisinin istehsalı 291,5 milyon kilovat-saat, yəni 2,2 faiz artaraq 13 milyard 849,3 milyon kilovat-saat olub.
Energetika Nazirliyindən FED.az-a bildirilib ki, bu dövrdə İES-lərdə 11 milyard 519,2 milyon kilovat-saat, SES-lərdə 1 milyard 860 milyon kilovat-saat, digər mənbələr üzrə isə 470,1 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında 21 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 314,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpaolunan enerji mənbələrindən 14,6 faiz və ya 297,2 milyon kilovat-saat artımla 2 milyard 330,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
6 ay ərzində elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 12 milyard 323,2 milyon kilovat-saat (İES-lərdə 10 milyard 441,4 milyon kilovat-saat, SES-lərdə 1 milyard 851,1 milyon kilovat-saat, GES-lərdə 30,7 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 511,5 milyon kilovat-saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 59,9 faiz artaraq 709,9 milyon kilovat-saat, idxalı isə 15,9 faiz azalaraq 81,1 milyon kilovat-saat olub.