Azərbaycan bərpaolunan enerji mənbələrinin yüksək potensiala malik olduğu ölkələrdəndir. Elə buna görə də ölkəmizdə günəş panelləri zavodu və günəş kollektorları istehsal edən müəssisə yaradılıb. Bu müəssisələrin istehsal etdiyi qurğulardan isə Masallı rayonunun Boradigah qəsəbəsində 2013-cü ildə istifadəyə verilən idman kompleksində də istifadə edilir.
Eləcə də bax: Milli parklarda alternativ enerjidən - İSTİFADƏ EDİLƏCƏK
FED.az xəbər verir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişinə əsasən, kompleksin damında 75 kilovat enerji verən 280 ədəd günəş paneli quraşdırılıb: “Azalternativenerji” MMC-nin əməkdaşı Məhərrəm Əliyev deyir ki, bu əsasən fermer təsərrüfatları üçün sərfəlidir: “Burada 14 invertor var. Hər bir invertor 20 günəş panelinə baxır. Oradan aldığı enerjini istehsal edir, gedir dövlətə. Bunun iş prinsipi odur ki, biz bu obyekti əgər işlətmək üçün dövlətdən 100 kilovat alırıqsa, bu isə yayda bizim üçün 200 kilovat istehsal edir. Burada qoyulan sayğac gələn enerjini də, ötürdüyü enerjini də hesablayır. Yəni biz həmin o 100 kilovat enerjini dövlətdən alıb bunu hərəkətə gətirmək üçün istifadə eləmişik, biz həmin enerjini oradan çıxırıq, qalan enerji bizim cibimizin xeyridir, bizim öz sərfiyyatımızdır, özümüz bundan bəhrələnirik, maya dəyəri əldə edirik. Bu, ələlxüsus fermer təsərrüfatları üçün sərfəlidir”.
“Azalternativenerji” MMC-nin digər əməkdaşı Müsəddin Rəhimovun sözlərinə görə, sistem çox sadədir. Günəş şüalarının panellərə düşməsi nəticəsində enerji alınır. Ümumi gücü 75 kilovat olan bu panellərin verdiyi enerji ilə 100-ə yaxın evi təmin etmək olar: “Hər bir panelin gücü 250 vattdır. Ola bilər ki, forması, həcmindən asılı olaraq bunun gücü dəyişsin. Əhali evində 6 ədəd panel qoysa, yüzdə-yüz işlədicilərin öhdəsindən gələ bilər. 10 il müddətinə yüz faiz özünü təmin edir. 10 ildən sonra bu işlədicinin gücü 20 faiz azalır. Növbəti 20 ilə isə bunun gücü 80 faizdir. Təmir olunanda yenə də köhnə vəziyyətinə qayıda bilir. Açıq havada, yerdən 1 metrə hündürlükdə günəşin çıxışı və batması istiqamətində elə qoyulur ki, günəş şüası buna düşsün”.
Müsəddin Rəhimov deyir ki, günəşdən alınan enerji həm sərfəlidir, həm də zəhmətsiz gələn gəlirdir. Ölkəmizdə ilin, demək olar, 9 ayının günəşli olması isə bu enerjidən istifadə üçün münbit şərait yaradır: “Bu panellərə bəs edir ki, günəşin şüası sadəcə ora düşsün. Temperaturun 20 və ya 40 dərəcə olmasının heç bir əhəmiyyəti yoxdur. Sadəcə, panellərin normal işləməsi üçün günəşin şüasının düşməsi bəs edir. Hazırda bu günə buludlu havadır, panellər yenə də fəaliyyət göstərir, əmsal baxımından bir az aşağı səviyyədədir. Bu enerjisini yığır, sadəcə, faiz nisbəti bir az aşağı düşür. Amma heç bir qorxusu yoxdur. Ola bilər, 10-15 dəqiqəyə bir az günəş şüası yığsa, onsuz da akkumulyator öz qidasını oradan götürür və bu bəs edir ki, işlədiciləri sutka ərzində təmin etsin”.
Məhərrəm Əliyev deyir ki, Günəş enerjisindən istifadə invertor və ya akkumulyator hesabına mümkün olur. Boradigah İdman Kompleksində qurulmuş panellərdə isə inventorlardan istifadə olunub: “Akkumulyator sistemi budur ki, gələn enerji akkumulyatora verilir və o, işə düşür, özü enerjini yığır özünə. Axşamlar isə o enerjidən istifadə olunur. Deməli, heç bir başqa köməkçi enerjiyə ehtiyac olmur. Amma invertorlu sistemdə isə enerjini qəbul edir, enerji buna daxil olur, əlavə enerjini bu özü istehsal edir. İstehsal etdiyi enerjini ötürür yarımstansiyalara, yarımstansiyalardan da əhaliyə gedir”. (Apa)