2017-ci ildə əsas icraçı qurum olan Tarif Şurası Azərbaycanda strateji müəssisə anlayışına dair meyarların müəyyənləşdirilməsi və enerji tarifləri üzrə güzəştlərin tətbiqi məqsədilə strateji müəssisələrin siyahısının müəyyən edilməsinə dair təkliflər hazırlanması ilə bağlı tədbiri qismən icra edib.
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, Tarif Şurası digər icraçı qurumlar- İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısını tərtib etməlidir.
Bundan başqa, sözügedən qurumlar 2018-2019-cu illər ərzində strateji müəssisələr üçün elektrik enerjisindən istifadə ilə bağlı güzəştli tariflərin müəyyənləşdirilməsinə dair qərar qəbul etməlidir.