Fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edən Prezident İlham Əliyev Azərbaycanın enerji layihələri və ölkədə bununla bağlı görüləcək yeniliklər barədə məlumat verib.
Eləcə də bax: “Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər” - PREZİDENT
FED.az-ın məlumatına görə, prezident Avropa üçün mühüm kəmər olan TANAP-ın işə düşdüyünü xatırladıb. «Biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək».
Prezident bildirib ki, yeni qaz kəməri yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir: «Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq bizimlə Anlaşma Memorandumu imzalayıblar».
Prezident neft sahəsində də irəliləyəşlərin olduğunu yeni layihələrin hazırlandığını bildirib. «Biz neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcəyik. Bu yaxınlarda biz BP şirkəti ilə müqaviləni uzatmışıq. 2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək.