Prezident İlham Əliyev “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1969) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “pilot layihələrin həyata keçirilməsi tədbirləri” sözləri “layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər” sözləri ilə əvəz edilsin.
2. 1-ci hissə üzrə:
2.1. birinci abzasdan “pilot” sözü çıxarılsın;
2.2. həmin hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri”;
2.3. 1.2.1-ci yarımbəndə “sahələrinin” sözündən sonra “və su obyektlərinin” sözləri əlavə edilsin və həmin yarımbənddən “bir ay müddətində” sözləri çıxarılsın;
2.4. 1.2.2-ci yarımbənddən “bir ay müddətində” sözləri çıxarılsın;
2.5. 1.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.2.3. beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, investisiya müqaviləsinin və tələb olunan digər müqavilələrin hazırlanmasını təmin etsin;”;
2.6. 1.2.5-ci yarımbənddən “bir ay müddətində” sözləri çıxarılsın, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.2.6-cı yarımbənd əlavə edilsin:
“1.2.6. investorlara tətbiq edilən təşviq mexanizmlərinin genişləndirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.”.
3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2022-ci il