Serbiya Azərbaycanla qaz tədarükü müqaviləsinin vaxtından əvvəl bağlanması ilə bağlı danışıqlar aparır.
Eləcə də bax: Vuçiç: Serbiya Azərbaycandan qaz almağı planlaşdırır
FED.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Serbiyanın baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç deyib.
"Ukraynada müharibənin başlaması ilə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti daha da artıb. İndiki böhrandan əvvəl də aydın idi ki, Cənub Qaz Dəhlizinin böyük əhəmiyyəti var idi, lakin təəssüf ki, Azərbaycandan və Xəzər regionundan qaz nəqli üçün lazımi infrastrukturun qurulması imkanından istifadə edilməyib. Azərbaycan qazı qaz təchizatı mənbələrinin və regionumuzun şaxələndirilməsinin təmin edilməsində mühüm amildir", - deyə o bildirib.
Z.Mixayloviç qeyd edib ki, qonşu ölkələrlə planlaşdırılan interkonnektorların tikintisi ilə Serbiya təkcə Xəzər regionundan qaz istehlakçısı deyil, həm də bu qazı daha sonra regionun digər ölkələrinə nəql edəcək tranzit ölkə ola bilər.
Onun sözlərinə görə, Serbiyanın Dağ-Mədən və Energetika Nazirliyi boru kəmərinin tikintisi başa çatana qədər qaz tədarükü müqaviləsinin əldə edilməsi üçün artıq Azərbaycanın sahə nazirliyi ilə danışıqlar aparır.
Xatırladaq ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan "TAP" hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz tədarük edəcək.