Neft bazarında qeyri-müəyyənlik neft şirkətlərinin geoloji kəşfiyyat və yeni yataqların işlənməsi üzrə fəallığını məhdudlaşdırsa da, tələbin təmin edilməsində narahatlığa əsas yoxdur.
Rusiya mətbuatının yazdığına görə, bu açıqlama ilə ABŞ-ın nüfuzlu banklarından biri olan "Bank of America"nın ("BoA") analitikləri çıxış edib.
Onların fikrincə, kapital xərclərinin azaldıması şirkətlərin ümumiyyətlə investisiyaları kəsməsi anlamına gəlmir: "Yaxın 5 il ərzində neft bazarı iştirakçıları təklif azlığından əziyyət çəkməyəcəklər".
"BoA"da hesab edirlər ki, bu müddət ərzində Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ölkələrindən kənarda 50-yə yaxın ənənəvi neft yatağı istismara veriləcək. Buna görə də, OPEC və şist neft hasilatçılarına tələbatı ödəmək üçün hasilatı gündəlik 900 min barel artırmaq kifayət edəcək.
"BoA"a görə, hazırda sutkada 180 min barel neft hasil edən Qazaxıstan "Kaşaqan" yatağı hesabına gündəlik hasılatı 2022-də hasilatı 1,2 mln. barelə çatdıracaq. Eyni zamanda o vaxta qədər Rusiyadakı yeni yataqlardan sutkada 1 mln. barel əlavə neft hasil edəcək. Braziliyada isə yaxın il yarım ərzində 7 yeni yataq istismara veriləcək. Həmçinin Kanada, Şimal dənizi və Meksika körfəzindəki yeni yataqlarda hasilat başlayacaq.
"BoA"da hesab edirlər ki, yeni işə düşəcək layihələrdə neftin orta maya dəyəri 37 dollar/barel olacaq. Şist neft hasilatçılarının maya dəyəri isə 40-50 dollar/barel təşkil edəcək.