Nizami rayonu ərazisində əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar reydlərin keçirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, “Azəriqaz” İstehsalat Birliyinin və rayonun xidmət sahələrinin nümayəndələrindən ibarət monitorinq qrupları yaradılıb.
Eləcə də bax: Bakı restoranlarında qaz balonları ilə bağlı - YOXLAMALAR BAŞLADI
FED.az xəbər verir ki, monitorinq qrupları tərəfindən rayon ərazisində çoxmənzilli yaşayış binalarının altında fəaliyyət göstərən ictimai obyektlərdə reydlər keçirilərək qazdan istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması vəziyyəti yoxlanılıb.
Reydlər zamanı fəaliyyət növünə uyğun olaraq obyektlərə qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənədlər, istifadə edilən qaz qurğularının dövlət standartlarına uyğunluğu, yanğın-partlayış təhlükəsinə dair göstəriciləri və ya sertifikatları olmayan avadanlıqların mövcudluğu yoxlanılıb.
Monitorinq zamanı obyekt sahiblərinə məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsi məqsədilə həmin qurğulara və tüstü bacalarına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsinin vacibliyi bildirilib. Eyni zamanda, yanğınla nəticələnə bilən nasaz qurğu, dəzgah və avadanlıqlardan istifadə edilməsinə icazə verilmədiyi nəzərlərinə çatdırılıb.
Qeyd edək ki, reydlər zamanı texniki təhlükəsizlik qaydalarına uyğun olmayan qurğular və qaz xətlərinin demontaj olunaraq obyektlərdən çıxarılması təmin edilib.
Monitorinq qrupları tərəfindən rayon ərazisində ictimai obyektlərdə reydlər davam etdirilir.