Aprelin 3-ü gecə saat üç radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayışa səbəb ilkin ehtimala görə obyekt daxilində propan qaz balonunun partlamasıdır.
Eləcə də bax: Ekspert: Kafe-restoranlarda qaz balonlarından istifadə - ÇOX TƏHLÜKƏLİDİR
Bəs həmin obyektin daxilində qaz balonlarının istifadəsinə icazə var olubmu? Ümumiyyətlə, obyekt və digər məkanlarda qaz balonlarının fəaliyyətinə icazə verilrmi?
FED.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, “Qaz təhcizatı haqqında” qanuna görə, yaşayış binasının zirzəmisində və birinci mərtəbəsində fəaliyyət göstərən obyektlərin qazlaşdırılması qadağan olunur:
“Bu da təhlükəsizlik baxımından düşünülüb. Qazlaşma prosesi başlayandan indiyə qədər qanunla bu məsələ qadağan olunur. Zirzəmi və ya birinci mərtəbədə fəaliyyət göstərən obyektlər kənarda quraşdırılan qazanxananın fəaliyyəti nəticəsində yalnız isinmə sistemi ilə təmin oluna bilər. Amma konkret olaraq obyektin daxilinə hansısa qaz xəttininin çəkilməsinə icazə verilmir. Bu səbəblərdən bir neçə gün əvvəl partlayış baş verən obyektin qazlaşdırılması həyata keçirilməyib. Eyni zamanda həmin binanın altından yeraltı qaz xətləri keçmir. Buna görə hansısa sızma nəticəsində partlayış baş verməsi ehtimalı da yoxdur”.
Şöbə rəisi həmin obyektdə qaz balonundan istifadəyə icazənin olub-olmamasına sualına isə belə cavab verib:
“SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq sayğaca qədər olan məsafənin məsuliyyətini daşıyırıq. Sayğacdan sonrakı, obyektdaxili şəraitin hansı formada olmasına nəzarət mexanizmi bizdə deyil. “Qaz təhcizatı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunur. Millət vəkilləri təklif edirlər ki, sayğacdan sonrakı proseslərə, yəni mənzildaxili proseslərə nəzarət “Azəriqaz”a verilsin. Bu, hələ ki, təklifdir. Qəbul olunub-olunmaması hələlik konkret deyil. Qaz balonlarının istifadəsi təhlükəli olduğu üçün bununla bağlı qərarların verilməsi bizim səlahiyyətimizdə deyil”.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə vurğulayıb ki, zirzəmilərdəki kommersiya obyektlərində qaz təchizatı, propan qaz balonlarından istifadə qanunla qadağandır:
“Qaz təchizatının qadağan olunmasına səbəb insanların həyat və sağlamlığının təhlükə risklərinin artmasından qorunmaq üçündür. İctimai iaşə müəssisələrində, insanların daha çox cəmləşdiyi məkanlarda hər hansı bir bədbəxt hadisə, fövqəladə hadisə vaxtı, daha çox insanın xəsarət alma, zərər görmə ehtimalı var. Ona görə də, bütün təhlükəsizlik tədbirləri önə çəkilməklə çox ciddi nəzarət mexanizmi olmalıdır.
Bu cür obyektlərdə propan qaz balonlarının istifadəsi isə olduqca təhlükəlidir. Nəzərə almaq lazımdır ki, propan qaz balonlarının partlaması çox böyük dağıdıcı gücə malikdir. Partlayışın gücü 10-15 kvadratmetrlikbir otaq üçün 100 minlərlə ton zərbə qüvvəsi deməkdir. Bu da qaz təchizatı, propan qaz balonlarının istifadəsinin nə dərəcədə təhlükəli olduğunu göstərir”.
Ekspert bildirib ki, insanların rahat, təhlükəsiz istirahət etmək, ictimai iaşə müəssisələrinin xidmətlərindən yararlanmaq hüquqları var:
“Ona görə də təhlükəsizlik tədbirləri mütləq görülməlidir. Bakıda yerləşən, istər təzə binalar, istərsə də, köhnə tikili çoxmənzilli yaşayış binalarının əksəriyyətinin birinci mərtəbəsində kafe, restoran, barlar, dönərxana, çay evləri bu qəbildən olan ictimai iaşə müəssisələri kimi fəaliyyət göstərir. Demək olar ki, bunların əksəriyyətində propan qaz balonlarından istifadə olunur. Mütləq qaydada bu məsələ ilə bağlı geniş konsepsiyanın hazırlanması lazımdır. Bütün obyektlərin xüsusiyyətlərinə uyğun olaraq, təhlükəsizlik konsepsiyası olmalıdır”.
Yeri gəlmişkən, baş verən hadisə ilə bağlı Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Qeyd edək ki, hadisə zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib. (Report)