Bakıda Azərbaycan-Koreya Energetika Forumu keçirilib.
Tədbirdə “Azərişıq” ASC sədrinin müavini Vüqar Əhmədov, Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Gyu, “Azərenerji” ASC prezidentinin müşaviri Arif Həşimov, “Azenco” (Azerbaijan Energy Construction) İdarə Heyətinin sədri Vüqar Şahmuradov və Koreya Energetika Korporasiyasının (KEPCO) səlahiyyətli şəxsləri iştirak ediblər.
KEPCO-nun vitse-prezidenti Lee Qvan Soq bildirib ki, təmsil etdiyi şirkət 120 il ərzində Koreyada energetika sahəsinə nəzarət edir. KEPCO-nun 24 ölkədə 36 layihə həyata keçirdiyini deyən Q. Soq nəzərə çatdırıb ki, “Forbes” jurnalı kommunal xidmətlərin göstərilməsinə görə KEPCO-nu dünyada birinci yerə layiq görüb.
V. Əhmədov isə Azərbaycanla Cənubi Koreyanın təhsil, inşaat, nəqliyyat, informasiya və texnologiya sahələrində əməkdaşlıq etdiyini bildirib. Bu gün elektrik enerjisi sahəsinin əlavə edilməsinin təqdirəlayiq olduğunu deyən “Azərişıq” ASC sədrinin müavini qarşılıqlı əməkdaşlığın yeni mərhələsinin başlanğıcı hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb.
Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Gyu isə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu nəzərə çatdırıb. Siyasi, iqtisadi və mədəniyyət sahələrində əlaqələrin genişləndiyini deyən diplomat bildirib ki, 2006-2007-ci illərdə ölkə başçılarının qarşılıqlı səfərləri buna güclü impuls verib.
"Azərbaycanda taekvondo və Koreyanın digər milli idman növləri çox sevilir. Son zamanlar Koreyadan Azərbaycana gələn turistlərin sayı artıb. Onlar İpək Yolunun mərkəzi olan Azərbaycanın mədəniyyəti və təbiətindən zövq alırlar", - deyə o vurğulayıb.
Dünya iqtisadi böhranın ikitərəfli münasibətlərə öz təsirini göstərdiyini deyən Kim Çanq Gyu bildirib ki, forum çərçivəsində keçiriləcək texniki seminarlar zamanı şirkət nümayəndələrinin görüşləri yeni əməkdaşlıq səhifəsini açacaq.
Sonra "Azərışıq" və Azərbaycanın energetika sahəsi ilə tanışlıq barədə, həmçinin KEPCO və termoqrafik üsulla avtomatik təhlil və diaqnostika sistemi barədə təqdimatlar olub. Koreya şirkətlərinin təmsilçiləri coğrafi informasiya sisteminə əsaslanan paylama sistemi, qabaqcıl ölçmə infrastrukturu texnologiyası barədə təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, "Azərişıq" ASC ilə keçiriləcək texniki seminar vasitəsilə hər iki ölkənin enerji sahəsində biliklərin mübadiləsi , Koreya texnologiyası və məhsulları Azərbaycan şirkətlərinə təqdim olunacaq.