Gürcüstan Daxili İşlər Nazirliyi Bakı-Supsa boru kəmərindən neft oğurluğu faktının üstünü açıb.
"Novosti-Qruziya"nın yaydığı xəbərə görə, Şida Kartli polis departamentinin və DİN-in xüsusi tapşırıqlar departamentinin əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində oğurluqda ittiham edilən 5 nəfəri saxlayıb.
İbtidai istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər Bakı-Supsa boru kəmərinin Qori rayonunun Rexa kəndindən keçən hissəsində sonrakı satış məqsədilə sistematik oğurluq ediblər. Hüquq-mühafizə orqanları oğurlanmış neftin bir hissəsini maddi sübut kimi ələ keçirib.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.