Azərbaycanla Türkiyə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Abşeron» qaz yatağından hasil edilən qazın satışı ilə bağlı yeni müqavilə bağlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib.
Nazir bildirib ki, iki gün əvvəl (yəni artıq 2026-cı ildə) Azərbaycandan təbii qazın alışı ilə bağlı yeni müqavilə bağlanılıb. Yeni müqavilə 15 illik müddətə bağlanılıb və 2029-2040-cı illərdə Türkiyəyə ümumilikdə 33 milyard kubmetr qaz satışını nəzərdə tutur. Müqaviləyə əsasən, 2029-cu ildən başlayaraq hər il Türkiyəyə 2,25 milyard kubimetr qaz satılacaq. Bu qaz qardaş ölkəyə Bakı-Tiflis-Ərzurum qaz kəməriilə çatdırılacaq.
Xatırladaq ki, indiyədək Azərbaycan Türkiyəyə «Şahdəniz» yatağından çıxarılan qazı satırdı. Bu ildə 11 milyard kubmetr təşkil edir və Rusiya qazından sonra 2-ci göstəricidir. Ümumilikdə Türkiyənin qaz ehtiyacları ildə 55 milyard kubmetr təşkil edir.
«Abşeron» yatağından isə indiyədək ildə 1,5 milyard kubmetr qaz çıxarılırdı ki, bu da bütünlüklə yerli ehtiycalar üçün istifadə olunurdu. İndiki müqavilədən sonra isə Azərbaycan 2029-cu ildən etibarən Türkiyəyə bu yataqdan çıxarılan ildə 2,25 milyard kubmetr qaz satacaq.
Xatırladaq ki, «Abşeron» yatağından çıxarılan qazın satışı ilə bağlı Azərbaycanla Türkiyə arasında danışıqlar yenicə başa çatıb. Cəmi 10 gün əvvəl Bakıda keçirilən Azərbaycan_Türkiyə hökumətlərarası komissiyanın iclasında bu barədə baş nazir Əli Əsədov məlumat vermişdi.
«Abşeron» yatağında ümumilikdə 350 milyard kubmetr təbii qaz ehtiyatlar var. Bu yataq üzrə müqavilə 2009-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın «Total» şirkəti arasında imzalanıb. Sonradan müqaviləyə Əbu-Dabinin Milli Neft Şirkəti – «ADNOC» da qoşulub. Hazırda müqavilədə SOCAR və «TotalEnergies» hərəyə 35%, ADNOC isə 30% paya malikdir.










