Bakı Ali Neft Məktəbində Layihələrin idarə edilməsi məktəbinin (SPM) rəsmi açılış mərasimi keçirilib.
FED.az SOCAR-a istinadən xəbər verir ki, məktəb BANM, BP və onun tərəfdaşları, o cümlədən layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” tərəfindən təşkil olunub. Tədbirdə SOCAR və BP-nin rəhbər heyəti, bir sıra ali təhsil müəssisələrin və beynəlxalq şirkətlərin təmsilçiləri, həmçinin SPM-in tələbələri iştirak etmişdir. SPM-in 26 tələbələsi sırasına SOCAR, BP, ATLANTIC WASTE SOLUTIONS, “PAŞA Həyat Sığorta” ASC, Pasha Holding, Gilan Tekstil Parkı, Bakı Şəhər Halqası şirkətlərin və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşları daxildir.
BANM-in rektoru Elmar Qasımov Azərbaycanda insan resursları və layihələrin idarə edilməsi üzrə bacarıqların inkişafına SPM-in verəcəyi töhfədən bəhs etmiş, layihənin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rolu olacağını vurğulayıb.
SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək bildirmişdir ki, SPM ölkənin elm və təhsil potensialının inkişafına kömək etmək məqsədilə yaradılmışdır. Proqram vasitəsilə iqtisadiyyatın bütün sahələrindən orta və yüksək səviyyəli menecerlərə layihələrin idarə edilməsi sahəsində öz bacarıqlarını və biliklərini inkişaf etdirməyə imkan yaradılacaq. BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd etmişdir ki, bu layihə indiyədək BP-nin öz tərəfdaşları ilə birlikdə maliyyələşdirdiyi ən uğurlu ixtisasartırma və yerli potensialın yaradılmasına dəstək təşəbbüslərindən biridir. SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Layihələrin idarə edilməsi məktəbinin tələbələrinə uğurlar arzulamış, bu təlim proqramının iştirakçıların karyerasına birbaşa müsbət təsir göstərəcəyini söyləyiblər.
“TwentyEighty Strategy Execution” şirkətinin əməkdaşı, biznes inzibatçılığı üzrə magistr, SPM-in təlimçisi Didye Estibal BANM-də iştirakçılar üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olmasından danışmış, SPM-də iştirak edən hər bir mütəxəssisin layihələrin idarə edilməsi, planlaşdırma və büdcəyə nəzarət, risklərin idarə edilməsi, layihələrdə liderlik və keyfiyyət kimi aspektləri daha dərindən öyrənmək imkanı əldə edəcəyini vurğulayıb. Əsas məqsədin yerli təlim müəssisələrinin bacarıqlarını artırmaq olduğu nəzərə alınaraq ilkin mərhələdə kursların ingilis dilində keçiriləcəyi, 2-3 ildən sonra isə proqramı Azərbaycan dilində tədris etmək üçün yerli mütəxəssislər hazırlanacağı bildirilib.
Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun partnyorları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbatı ödəmək məqsədi ilə təsis edilib. “TwentyEighty” şirkətinin texniki dəstəyi və yerli tərəfdaşla birgə həyata keçirilən proqram 7 moduldan (10 ay) ibarətdir. Yekunda iştirakçılara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Başlandığı gündən etibarən proqramda 98 müxtəlif qurumu təmsil edən 300-dən artıq mütəxəssis iştirak edib.
Bakı Ali Neft Məktəbində Layihələrin idarə edilməsi məktəbi açılıb
16:57
19 May 2017