Bakıda keçirilən Azərbaycan-Rumıniya Universitetlərinin birinci Forumu çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Rumıniyanın Ploeşti Neft-qaz Universiteti (PGU) arasında əməkdaşlıq haqqında razılaşma və Erasmus+ mübadilə proqramı çərçivəsində əlaqələrin genişlənməsi haqqında müqavilə imzalanıb.
FED.az SOCAR-a istinadən xəbər verir ki, PGU-nun prorektoru, professor Mixail Minesku ilə keçirilmiş görüşdə BANM-in rektoru Elmar Qasımov imzalanan sənədlərin iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyinə əminliyini bildirib. PGU-nun prorektoru Mixail Minesku qeyd edib ki, Erasmus+ proqramı Avropada universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, təcrübə keçmək və tədris etmək imkanları yaradır.
İmzalanmış əməkdaşlıq razılaşması çərçivəsində Erasmus+ proqramı ilə BANM-in tələbələri Ploeşti Neft-qaz Universitetində təhsil ala biləcəklər. 1948-ci ildə Rumıniyanın sənayeləşmə tələbi və neft-qaz sahəsində ixtisaslı kadr çatışmazlığından irəli gələn ehtiyacları təmin etmək məqsədi ilə yaradılmış Universitetdə neft-qaz mühəndisliyi, mexanika və elektrik mühəndisliyi, neft texnologiyası və neft-kimya kimi fakültələr fəaliyyət göstərir. Görüşdə iştirak etmiş Cluj-Napoca Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Sonia Karmen Munteanu təmsil etdiyi universitetdə mühəndislik proqramlarının tədris edildiyini və BANM ilə əməkdaşlığa açıq olduqlarını bildirib.
Bakı Ali Neft Məktəbi Ploeşti Neft-qaz Universiteti ilə iki sənəd imzalanıb
15:21
26 May 2017