Sosial şəbəkələrdə yayılan çirkli suların dənizə axıdılması görüntüləri ilə bağlı məsələni araşdırmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi rəhbərliyinin iştirakı ilə komissiya “Neft Daşları”na yollanıb.
FED.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Xatırladaq ki, Facebookda bir neçə gün əvvəl yayılan fotoşəkillərdə Neft Daşlarında çirkab sularının birbaşa dənizə axıdıldığı göstərilir.
“Bu gün səhər saatlarından “Azneft” İstehsalat Birliyinin rəhbər şəxslərinin də iştirak etdiyi komissiya hadisəni araşdırmaq üçün əraziyə gedib. Normalda heç bir təlimatlarımızda, heç bir proseslərdə çirkli suların dənizə bu şəkildə axıdılması nəzərdə tutulmur. Rəhbərlik tərəfindən də belə təlimat verilməyib. Bunun necə baş verdiyi hələ məlum deyil. Hadisəni dəqiqləşdirmək, araşdırmaq və qarşısını almaq üçün oraya xüsusi komissiya göndərilib”,- İ. Əhmədov qeyd edib.
O əlavə edib ki, gələcəkdə belə hadisələrin təkrar baş verməməsi üçün nəzarət daha da gücləndiriləcək.
Report