“Azərişıq” ASC-nin elektron xidmətlərinə 5 yenilik əlavə edilib.
FED.az xəbər verir ki, “Azərişıq” ASC daim müasir, innovativ yenilikləri tətbiq edən qurum kimi növbəti belə xidmətlərini təqdim edib.
Bununla bağlı keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov və müavini Vüsal İsayev yeniliklərin detallarını açıqlayıblar.
Qeyd olunub ki, “Azərişıq” ASC-nin elektron xidmətlərinə 5 yenilik əlavə edilib. Yeniliklər aşağıdakılardan ibarətdir:
1.Artıq abonentlər elektron hökumət üzərindən onlayn qaydada abonent kodunun addan ada keçirilməsini həyata keçirə biləcək. Üstəlik bu xidmət ödənişsiz olacaq. Yəni, abonent olduğu məkanı tərk etmədən abonent kodunu digər ada dəyişdirə biləcək. Bunun üçün ASAN xidmət və ASAN komunnal mərkəzlərinə yaxınlaşmağa ehtiyac qalmayacaq.
2.Yeni elektron xidmətlərdə əhali abonentlərinin geniş tarixçənin verilməsini əldə edə biləcəklər. Abonentlərə geniş tarixçənin verilməsi xidmətinin onlayn olması onlara aylıq, illik hesabatlarını özlərinin görməsinə şərait yaradacaq. Bununla da abonentlərin ödənişlərin sistemə oturulması ilə bağlı ardıcıllığı görməsinə kömək edəcək. Abonent ödəniş vaxtlarını, elektrik enerjisindən istifadə etdiyi sərfiyyat və limitlər barədə ətraflı məlumat əldə edəcək. Eyni zamanda, elektron portalda onlayn müraciət və müqavilələrin imzalanması da olacaq.
3. Əhali abonentləri enerji təchizatı şəbəkəsinə qoşulması üçün onlayn müraciət edə bilər. Bunun üçün vətəndaş elektron hökumət portalında “əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” bölməsinə daxil olub, tələb olunan enerji gücünü şeçib, reyster məlumatını əlavə edərək müraciət göndərir. Elektron çıxarış olduğu halda tələb olunan normalara uyğun, vətəndaşın seçimindən asılı olaraq müəyyən edilmiş vaxt ərzində müraciət icra olunur.
4. Sayğac zədələnməsi ilə bağlı elektron qaydada müraciət etmək funksiyası da aktivləşdirilib. Müraciətdən sonra “Azərişıq” ASC tərəfindən 3 gün ərzində göstərilmiş ünvanda sayğaca baxış keçirilir və zədələnmiş sayğac yeni elektron sayğacla əvəz olunur. Keçirilən baxışın nəticəsi ilə bağlı məlumat isə abonenetin elektron poçt ünvanına göndərilir.
5. Qeyri əhali abonentləri - xarici və yerli investorlar da “Azərişıq” ASC-nin elektrik şəbəkəsinə qoşulma ilə bağlı müraciətlərini ASAN xidmət mərkəzlərinə və ASAN kommunal mərkəzlərinə getmədən onlayn qaydada həyata keçirə biləcəklər. Sayğac qoyulana qədər investorların qurum əməkdaşları ilə heç bir təması olmayacaq. Qeyri-əhali abonenti bunun üçün elektron hökumət portalı üzərindən identifikasiya kodu ilə daxil olaraq müvafiq bölmələri doldurur. Bütün məlumatlar yazıldıqdan sonra müraciət göndərilir. Qeyri-əhali abonentlərinin qeyd olunan müraciəti “Azərişıq” ASC tərəfindən 20 gün ərzində icra olunacaq.