"Azərişıq" ASC tərəfindən 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə və gücünə olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlanaraq, "Azərenerji" ASC ilə razılaşdırılıb, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilədək tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatının proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilib.
Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Sənəddə deyilir ki, məlumatlar daha dəqiq və dolğun olmadığı üçün 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatının proqnoz göstəricilərinin illər üzrə tərtib olunması və neft və qeyri-neft sektorunun artım dinamikasına dair məlumatların hazırlanıb Energetika Nazirliyinin işçi qrupuna yenidən təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət edilib.
Azərbaycanda energetika sektorunda "Azərenerji" ASC-nin "Azərbaycan Elmi Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC əsas ixtisaslaşmış qurum olduğu üçün elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması tədbirinin icrası bu quruma tapşırılıb və bu istiqamətdə işlər davam etdirilir.
Sənəddə həmçinin deyilir ki, "Azərişıq" ASC tərəfindən enerji satışı idarəetmə sistemi vasitəsilə keçən illər nəzərə alınaraq yay və qış mövsümlərində elektrik enerjisinin ehtiyacı proqnozlaşdırılır. Enerji satışı sistemi vasitəsilə elektrik enerjisinin aylıq istehlakı proqnoz olunur.