“Azərişıq” ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən ölkənin bütün regionlarında yenidənqurma işləri həyata keçirir.
ASC-dən FED.az-a verilən məlumata görə, İnvestisiya Proqramına uyğun olaraq Şəki elektrik şəbəkəsi yenilənir. Rayonunun Aran kəndində yenidənqurma işləri baş çatıb. Aşağı Layısqı kəndində isə son tamamlama işləri görülür. Orta Zəyzid və Böyük Dəhnə kəndlərində yenidənqurma işləri davam edir. Adı çəkilən kəndlərdə 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənir, müasir tipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Həmçinin, köhnə elektrik sayğacları müasirləri ilə əvəz olunur. Yenidənqurma işləri başa çatdıqdan sonra 4 kənddə ümumilikdə, 2 min 500-dən artıq abonent fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Balakənin Sarıbulaq və Hənifə kəndlərində də elektrik təsərrüfatının yenilənməsi işləri davam edir. Həmin kəndlərdə 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar, eləcə də köhnə sayğaclar yenilənir. Yenidənqurma işləri ümumilikdə, Sarıbulaq və Hənifə kəndində yaşayan 2 mindən çox abonenti əhatə edir. Arılıqbinə kəndində 160 kVA-lıq KTM quraşdırılıb. Katex kəndində isə yeni güc mərkəzinin quraşdırılmasına start verilib.
Abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında, kənd və qəsəbələrdə yenidənqurma işlərini paralel şəkildə davam etdirir.