“Azərişıq” ASC 5 il ərzində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri həyata keçirilib və bu iş davam edir. Azad olunan rayonlarda və kəndlərdə məhv edilmiş elektrik təsərrüfatı yenilənir, müasir dayaqlar əkilir, yeni xətlər çəkilir və yeni güc mərkəzləri yaradılır.
FED.az xəbər verir ki, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi də daxil olmaqla 35/0,4 kilovoltluq 7, Daşaltı kəndində isə 35/10 kilovoltluq 1 yarımstansiya, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda da Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istifadəyə verilib.
““Azərişıq” ASC tərəfindən həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir. Ötən il Bakıda keçirilən COP29 ərəfəsində bu sahədə xüsusi tədbirlər həyata keçirilib. Bakı şəhəri və ətraf ərazilərdə 22, işğaldan azad edilən ərazilərdə 7, digər regionlarda 15 Elektrik Doldurma Məntəqəsi (EDM) quraşdırılıb. Bir ədəd 60 kilovatlıq EDM məntəqəsi Qusar şəhəri, Şahdağ istirahət kompleksinə gedən yolda quraşdırılıb və proqram təminatına inteqrasiyası həyata keçirilir. Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə yönəlib”, - deyə Araz Məmmədzadə qeyd edib. (Azərtac)