“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şirvanda vətəndaşları qəbul edib
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 3-də Şirvanda vətəndaşlarla görüşüb.
FED.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Şirvan və Hacıqabul rayonlarından olan sakinlər iştirak edib. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən reallaşıb.
Vətəndaş qəbulundan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Görüş zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Hər iki rayonunun sakinləri regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də vətəndaşlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC bütün regionlarda yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı maarifləndirmə tədbirlərini davam etdirir. Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, onların təklif və tövsiyələri dinlənilir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.