“Azərişıq” ASC-nin bütün rayon elektrik şəbəkələrinin xidməti ərazilərində 0,4 kv-luq paylayıcı şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğunlaşdırılması və transformatorlardan vətəndaşın saygacına qələr güc naqillərinin təzələnməsi prosesi gedir. Əsas məqsəd isə istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi ilə yanaşı texniki itkilərin səviyyəsinin minimuma endirilməsidir.
Qurumdan verilən məlumata görə, bu məqsədlə 2017-ci ilin arxada qalan 4 ayı ərzində Aran RETSİ (Regional Elektrik Təchizatı və Satış İdarəsi) Elektrik Şəbəkələrinin xidməti ərazisində 75,2 km məsafədə 0,4 kv-luq hava xətləri və 4069 ədəd dayaq yenilənib. İtkilərin azaldılması məqsədi ilə 532 ədəd 10/0,4 kv-luq KTM-lərin (Komplekt Transformator Məntəqəsi) yüklənmələrində simmetrik paylanma icra olunub. Bundan başqa 0,4 kv-luq hava xətlərində 221,7 km məsafədə təmir işləri aparılıb, 100,5 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabel xətti çəkilib.
Aparılan işin tərkib hissəsi olaraq Agcabədi rayonundakı 110/35/10 kV-luq “Qarabağ” yarımstansiyasında 25 MVA gücündə transformator quraşdırılıb. 4 ədəd 35 kv-luq az güclü transformator daha güclüsü ilə əvəz olunub. Agcabədi rayonunda yerləşən 35/10-6 kv-luq “Qiyamadınlı” yarımstansiyası isə tam yenidən qurulub. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10/0,4 kv-luq transformatorların əvəzinə 22 ədəd yeni KTM quraşdırılıb.
Bütövlükdə Aran regionunda 5 ədəd 35 kv-luq yarımstansiya tikilərək yenidənqurmadan sonra istifadəyə verilib. Ağcabədi rayonunun Qiyamadınlı və Aşağı Avşar, Beyləqan rayonunun Sarı su kəndlərində, Ağdam rayonunun Quzanlı qəsəbəsinin Çadırlı ərazisində 0,4 kv-luq şəbəkələr ÖİN kabellərlə yenidən qurulub. Agcabədi rayonunda 10 kv-luq hava xətti yenidən qurulub, 95,2 km məsafədə əsaslı təmir işləri aparılıb, 412 ədəd yeni dayaq quraşdırılıb.
“Elektrik Paylayıcı Şəbəkənin Yenidən Qurulması” üzrə İnvestisiya Proqramına əsasən İmişli rayonun Rəsullu, Şahverdili, Yalavac, Məhəmmədli, Göbəktala kəndlərində, Zərdab rayonunun Salahlı və Gəlmə kəndlərində 10 və 0,4 kV-luq şəbəkələrin yenidən qurulması işləri aparılır.
Ümumilikdə istismara yararsız, qeyri-standart dayaq və açıq naqillərlə çəkilmiş hava xətlərinin ÖİN kabellərlə əvəz edilməsi işləri əksər rayonlarda görülür. Bu isə səbəbsiz deyil. Regionlarda kənd təssərüfatı və aqrosənayenin inkişafı üçün böyük layihələr həyata keçirilir. Məhz bu məqsədlə paylayıcı şəbəkələrin gücünün artırılması intensiv xarakter alıb. Bəllidir ki, neftdən asıllığın azaldılması ilə baglı regionlarda aparılan quruculuq və abadlıq işlərinin, o cümlədən melorasiya, suvarma, əkinçilik və emal müəssisələrinin yaradılması enerji gücünün də dayanıqlı olmasını şərtləndirir. Hər bir kənd və qəsəbədə aparılan quruculuq işləri yeni güc mənbələrinin artırılmasını, ələxsus 0,4 kv-luq KTM-lərin və veriliş xətlərinin bərpasını zəruri edir.