“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov mayın 1-də Naftalanda yerləşən Heydər Əliyev Mərkəzində Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşlarla görüşüb.
FED.az xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Vətəndaşlarla görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Naftalan rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Hər üç rayonunun sakinləri regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də vətəndaşlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC bütün regionlarda yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı maarifləndirmə tədbirlərini, bölgələrdə yerli sakinlərlə görüşləri davam etdirir.