Azərbaycanın elektrik enerjisi paylayıcısı olan «Azərişıq» ASC 2022-ci ildə mənfəət və gəlirləri barədə nəticələrini açıqlayıb.
Hökumət dövlət şirkətinin 170 milyon manat - BORCUNU BAĞLAYIB
FED.az xəbər verir ki, ötən il «Azərişıq»ın gəlirləri 215 milyon manatdan çox artaraq 1 milyard 540 milyon manata yüksəlib. Satışın maya dəyəri isə 156 milyon manat artaraq 1 milyard 162 milyon manatdan 1 milyard 318 milyon manata çatıb.
Nəticədə şirkətin il ərzində ümumi mənfəəti 221 milyon manat olub.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, «Azərişıq» ASC-nin gəlirlərinin 1 milyard 513 milyon manatı sırf elektrik enerjisi satışından daxil olub. 24 milyon manat isə şirkətlərin enerji şəbəkəsinə qoşulması haqqı kimi toplanıb. Bu göstərici 2022-ci ildə daha 4 milyon manat artıb.
2022-ci ildə «Azərişıq» ASC-nin enerji paylama xərcləri 9 milyon manat artaraq 55,5 milyon manata yüksəlib. İnzibati xərclər isə 16 milyonluq artımdan sonra 92 milyon manat olub.
Nəticədə şirkət 2022-ci ili 74,4 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Bu göstərici 2021-ci illə müqayisədə 2,5 dəə artıb.
Ötən il maliyyə xərclərinə 10 milyon manat xərcləyib, 7,7 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə «Azərişıq» ASC 2022-ci ili 56,3 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu 2021-ci ilin göstəricisindən 4,4 dəfə artıqdır. Xatırladaq ki, şirkət əvvəlki ili 12,7 milyon manat xalis mənfəətlə baş vurmuşdu.
2022-ci ildə «Azərişıq» ASC-nin aktivləri 260 milyon manat və ya təqribən 10% artaraq 2 milyard 915 milyon manata yüksəlib.
Aktivlərin artımının böyük hissəsi 220 milyon manatı əmlak və avadanlıqların payına düşüb.
2022-ci ilin sonuna «Azərişıq» ASC-nin cəmi kapitalı 2 milyard 219 milyon manata çatıb – 2021-ci illə müqayisədə 264 milyon manat artıb. Artımın 208 milyon manatı dövlət tərəfindən əlavə ödənilmiş vəsait hesabına baş verib.
Bundan başqa, şirkətin 2022-ci ildə 56 milyon manat xalis mənfəət hesabına, indiyədək yığılmış zərərləri bu həcmdə azalıb.
Qeyd edək ki, 2021-ci ilin sonuna «Azərişıq» ASC-nin yığılmış zərəri 369 milyon manat idi, 2022-ci ildə 56 milyon manat xalis mənfəət ələd edilməklə, yığılmış zərərlər də 313 milyon manata enib.
2022-ci ilin nəticələrinə görə
«Azərişıq» ASC-nin cəmi öhdəlikləri 2 milyon manat azalaraq 698 milyon manatdan 696 milyon manata enib. Bunun 369 milyon manatı kredit və borclardır.
Qeyd edək ki, «Azərişıq» ASC “Bakıelektrikşəbəkə” SC-nin bazasında yaradılıb. “Bakıelektrikşəbəkə” SC 2000-ci ildə yaradılıb, 2001-ci ildə şirkətin idarəetməsi “Barmek Holding A.S.” şirkətinə verilmişdir. Daha sonra 2006-cı ildə Azərbaycan Respublikasının hökuməti “Barmek Holding A.S.” şirkəti ilə müqaviləni dayandırıb. Nəhayət 10 fevral 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Azərişıq ASC” haqqında Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC adlandırılıb.
10 aprel 2015-ci ildə yenidən təşkil olunma nəticəsində Şirkət elektrik enerjisinin Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycan Respublikasının bütün regionlarında sakinlərə və hüquqi şəxslərə ötürülməsi və paylanmasına başlamışdır.
31 dekabr 2022-ci il tarixinə Şirkətin əsas fəaliyyəti elektrik enerjisinin sakinlərə və hüquqi şəxslərə ötürülməsi və paylanmasından ibarət olmuşdur.
Şirkətin əsas elektrik enerjisi təchizatçısı elektrik enerjisinin istehsalı və ötürülməsi üzrə təbii inhisar subyekti olan dövlətə məxsus “AzərEnerji” ASC-dir (“AzərEnerji” ASC).
Elektrik enerjisinin alışı və satışı üzrə tariflər Tarif Şurası tərəfindən tənzimlənir. 2021-ci ilin noyabr ayından etibarən
Tarif Şurası tərəfindən təsdiq edilmiş elektrik enerjisi tarifləri (ƏDV daxil) aşağıdakı kimidir:
Fiziki şəxslər: ayda 200 kVts-a qədər 0.08 manat, 200 kVts-dan - 300 kVts-a qədər 0.09 manat, 300 kVts-dan yuxarı isə 0.13 manat. Hüquqi şəxslər: 0.11 AZN.