“Azəriqaz” İstehsalat Birliyində SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin və Birlik rəhbərliyinin iştirakı ilə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində 2019-cu ilin yekunlarına həsr edilmiş geniş müşavirə keçirilib.
Eləcə də bax: "Azəristiliktəchizat" "Azəriqaz"a olan - BORCU TAM ÖDƏDİ
FED.az xəbər verir ki, bu barədə qurumdan verilən məlumatda bildirilib.
Mşüavirədə çıxış edən Birliyin baş direktoru Ruslan Əliyev deyib ki, 2019-cu il ərzində yeni işə qəbul edilən, iş yerini dəyişən və təcrübəyə göndərilən 442 nəfərə müvafiq təlimatlar verilib:
“930 işçinin (402 ilkin, 528 təkrar olmaqla) təhlükəsizlik texnikası sahəsində biliyi yoxlanılıb. Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiya Birliyin 16 tabeli təşkilatında yoxlama keçirib. Qaydaları və icra intizamını pozan ayrı-ayrı struktur bölmələrdə işləyən 28 əməkdaşa xəbərdarlıq kartları təqdim olunub. Eyni zamanda, yüksək peşəkarlıq və nümunəvi davranışlarına görə 5 nəfər işçiyə mükafat verilib. Birlik üzrə il ərzində 658 işçinin dövri tibbi müayinədən keçmələrinə şərait yaradılıb”.
O, qeyd edib ki, Birlikdə yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilib və 2019-cu il ərzində 8210 ədəd müxtəlif növ ağac tingləri, dekorativ kollar və güllər əkilib:
“Tətbiq olunan İSO 9001, İSO 14001, OHSAS 18001, İSO 50001 və İSO 10002 üzrə beynəlxalq standartların təkmilləşdirilməsi və yoxlanılması məqsədilə daxili audit, Türk standartlaşdırma İnstitutunun mütəxəssisləri tərəfindən isə xarici audit keçirilib”.
Sonda R.Əliyev əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində həyata keçirilmiş tədbirlər və maarifləndirmə işləri nəticəsində son illərdə istehsalatla birbaşa bağlı ölümlə nəticələnən bədbəxt hadisə baş vermədiyini bildirib.