Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə 50-ə yaxın istixana sahibi ilə onlayn görüş keçirilib.
Eləcə də bax: İstixanaların satış və ixrac ilə bağlı - ÇƏTİNLİKLƏRİ YARANIB
FED.az xəbər verir ki, görüşdə müxtəlif qurumların nümayəndələri ilə yanaşı, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov, eləcə də Birliyin daha 3 nəfər məsul şəxsi iştirak edib. Görüşdə sahibkarlar istixana təsərrüfatlarına verilən qazın qiyməti, qaz sərfiyyatına görə yaranmış borclarla bağlı güzəştlərin edilməsi və digər istiqamətlərdə fikirlərini səsləndiriblər. Onları maraqlandıran suallara elə yerindəcə operativ cavab verilib.
Ruslan Əliyev konfrans zamanı bildirib ki, istixana sahibləri ilə mövsümün əvvəlində, 2019-cu ilin noyabr ayında istər regionlarda, istərsə də Bakı şəhərində bir neçə dəfə görüş keçirilib. Bundan başqa ötən ay onlayn vətəndaş qəbuluna Şəmkir rayonundan olan istixana sahibləri də qoşulub. Bu görüşlər zamanı borclu sahibkarlara köməklik göstərilməsi, hətta məhsul əldə olunana qədər ödənişlərin aparılmasında vaxt baxımından müəyyən güzəştlərin edilməsi kimi məsələlər diqqətdə saxlanılıb. Lakin buna baxmayaraq istixana sahibləri mövsümün əvvəlində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyib və istifadə etdikləri təbii qazın dəyərinin müəyyən bir hissəsi istisna olmaqla əvvəlki illərdən qalan borclarını ödəməyiblər. Hazırda təkcə Şəmkir rayonu üzrə istixanaların “Azəriqaz” İstehsalat Birliyinə 12 milyon 88 min manat borcu var. Bu məbləğin 6 milyon 954 min manatı 2019-2020-ci il mövsümü üzrə istifadə olunmuş qaza görə yaranıb. Bakı şəhəri və Salyan rayonunda fəaliyyət göstərən istixana sahibləri ödənişi 83 % yerinə yetirib. Şəmkir rayonunda isə bu göstərici kritik durumdadır və bu günə ödənişlər 56 % təşkil edir.
Birlik rəhbəri istixana sahiblərinin borclarını ödəmədikləri halda növbəti isitmə mövsümündə onların istixanalarına təbii qazın verilməsində problemlərin yaranacağını da istisna etməyib.
Onlayn konfransın sonunda araşdırılması tələb olunan digər məsələlər baş direktorun tapşırığı ilə konfransa qoşulan Birliyin məsul şəxsləri tərəfindən nəzarətə götürülüb.