Bakıda gecə klubunda baş verən partlayışdan sonra Fövqəladə Hallar və Energetika nazirlikləri ilə birgə yaranan komissiyanın fəaliyyəti çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin abonenti olan 1 500-dək sənaye obyektinə baxış keçirilib.
Eləcə də bax: Partlayışa görə üç nəfər həbs edildi - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu "Azəriqaz"ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 356 halda nöqsan aşkarlanıb: "Nöqsanlar tikinti norma və qaydalarının və layihə-smeta sənədlərin tələblərin pozuntusu ilə əlaqədardır: “Bu hallar Bakı və Abşeron rayonunu əhatə edir. Aşkar edilən 356 halda təbii qaz təminatı “Azəriqaz” tərəfindən dayandırılıb”.
Şöbə rəisi bildirib ki, 274 halda qaz sayğacları çıxarılıb (nəzərdə tutulmayan qoşulmalara görə və “Azəriqaz”la müqavilə şərtlərinin pozuntusuna görə) və qaz infrastrukturu plomblanıb, digər 82 halda qaz sayğacları saxlanılma şərti ilə qaz infrastrukturu plomblanıb.
İ.Behbudov bildirib ki, qeyd edilən hallar Abşeronda 2 hal üzrə, Binəqədidə 16 hal, Nərimanov rayonu üzrə 78 hal, Nəsimi rayonu üzrə 63 hal, Nizami rayonu üzrə 42, Qaradağ rayonu üzrə 6 hal, Sabunçu rayonu üzrə 9 hal, Səbail rayonu üzrə 36 hal, Suraxanı rayonu üzrə 39 hal, Xətai rayonu üzrə 75, Xəzər rayonu üzrə 5 hal və Yasamal rayonu üzrə 16 hal nöqsanlar aşkar edilərək qaz təminatı dayandırılıb.
O, əlavə edib, artıq regionlarda da “Azəriqaz” tərəfindən belə komissiyalar yaradılıb və yoxlamalara başlanılıb. (Report)