Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 81 107 yeni abonent qeydiyyata alınıb.
FED.az xəbər verir ki bu barədə “Azəriqaz”dan bildirilib. Verilən məlumata görə, yeni abonentin 45 543-ü Bakı, Abşeron və Sumqayıt, 35 564-ü isə regionlar üzrədir. Bildirilib ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.
Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 173 748-ə çatıb.