Sentyabrın 17-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinində "20 Sentyabr Neftçilər Günü" Tədbirlər Proqramı çərçivəsində hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəliklər səbəbindən qana ehtiyac duyan insanlara dəstək məqsədilə növbəti qanvermə aksiyası keçirilmişdir.
SOCAR-dan FED.az-a verilən məlumata görə, qanvermə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadası tərəfindən aparılmışdır. "COVİD-19" pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin qaydalarının bütün tələblərinə uyğun şəkildə təşkil edilmiş aksiyada 150 nəfər qan vermişdir.
Xatırladaq ki, SOCAR-ın çoxminli kollektivi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı ilə “Talassemiyasız həyat naminə” talasemiyalı uşaqlara yardım proqramına 2009-cu ildən qoşulmuşdur. Bu günə qədər 36445 nəfər SOCAR əməkdaşı donorluq edərək talassemiyalı uşaqlara köməklik məqsədi ilə qanvermə aksiyasında iştirak etmişdir. 2020-2021-ci ildə SOCAR əməkdaşlarından 2272 nəfəri qanvermə aksiyasında iştirak etmişdir.