“Azərenerji” ASC-nin 2025-ci il üzrə maliyyə vəziyyəti məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin cəmi gəlirləri 1 milyard 629 milyon manat təşkil edib. Bu, şirkətin 2024-cü ildəki 1 milyard 468 milyon manatlıq gəlirindən 161 milyon manat (11%) çoxdur.
Şirkət elektrik enerjisinin satışından 1 milyard 564 milyon manat, elektrik şəbəkəsinə qoşulma haqqlarından 483 manat, digər satışlardan 64,1 milyon manat gəlir əldə edib.
Ötən il “Azərenerji” gəlirlərindən 1 milyard 370 milyon manat cəmi xərclərə sərf edib. Şirkətin xərcləri 2024-cü ilə nəzərən 93 milyon manat (7,3%) artıb.
Hesabat dövründə şirkətin yanacaq xərcləri 680 milyon manata (6 milyon manat az), köhnəlmə və amortizasiya xərcləri 330,5 milyon manata (38 milyon manat çox), işçi xərcləri 136,7 milyon manata (10 milyon manat çox), təmir və texniki xidmət xərcləri 85,4 milyon manat (19 milyon manat çox), alınmış elektrik enejisinə çəkilən xərclər 46 milyon manat (4 milyon manat çox) olub.
O cümlədən, mənfəət vergisindən başqa digər vergilər 28 milyon manat, xammal və materiallar 12 milyon manat, digər xərclər 52 miylon manat əlavə xərc yaradıb.
Yekunda şirkətin əməiyyat mənfəəti 258,6 milyon manata bərabər olmaqla illik müqayisədə 66,9 milyon manat və ya 34,9% çox olub. Bundan 21,7 milyon manat maliyyə xərclərinə, 44,3 milyon manat xarici valyuta mübadiləsindən gəlirlərə, 98,3 milyon manat xarici valyuta mübadiləsindən zərərlərə, 5 milyon manat əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmənin bərpasına sərf olunub.
2025-ci ildə “Azərenerji” ASC-nin vergidən əvvəlki mənfəəti 187,4 milyon manat, mənfəət vergisi xərci 59,1 milyon manat təşkil edib. Nəticədə ASC 2025-ci ili 128,2 milyon manat xalis mənfəətlə bağlayıb. Şirkətin xalis mənfəəti 2024-cü ilə nəzərən 45,6 milyon manat (26,2%) azalıb.
Bəhs olunan dövrün sonunda “Azərenerji” ASC-nin cəmi aktivləri 6,4 milyard manata bərabər olub. Şirkətin aktivləri son bir ildə 519 milyon manat (8,8%) artıb.
Aktivlərin artmasının əsas səbəbi əmlak, tikili və avadanlıqların 4 milyard 855 milyon manatdan 5 milyard 119 milyon manata yüksəlməsi olub. Bundan başqa, əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avansların həcmi 2024-cü ildə 96,8 milyon manat idisə, ötən il bu məbləğ 251,2 milyon manata çatıb. əvəzləşdirilə bilən ƏDV-nin həcmi də 620,4 milyon manatdan 765,1 milyon manata yüksəlib.
Şirkətin nağd pul vəsaitləri isə 64 milyon manata bərabər olmaqla son bir ildə 60,3 milyon manat (48,5%) azalıb.
2025-ci ilin sonunda ASC-nin cəmi öhdəlikləri 3 milyard 98 milyon manat təşkil edib. Bu da, 2024-cü ildəki 2 milyard 821 milyon manatlıq öhdəlikdən 277 milyon manat (10%) çoxdur.
Şirkət ötən il həm uzunmüddətli, həm də qısamüddətli borclarını artırıb. Belə ki, şirkətin uzunmüddətli ticarət və digər kreditor borcları 336 milyon manatdan 385 milyon manata, qısamüddətli ticarət və digər kreditor borcları 441 milyon manatdan 496 milyon manata yüksəlib.
Ötən il şirkətə 106,1 milyon manat dövlət subsidiyası verilib.
2025-ci ilin yekununda “Azərenerji” ASC-nin cəmi kapitalı 3 milyard 333 milyon manat olub.
Xatırladaq ki, 2024-cü ilin sonunda şirkətin cəmi kapitalı 3 milyard 92 milyon manat idi. Yəni illik artım 241 milyon manat və ya 7,8% olub. Cəmi kapitalın 1 milyard 760 milyon manatı nizamnamə kapitalının, 3 milyard 288 milyon manatı əlavə ödənilmiş kapitalın payına düşüb. Şirkətin yığılmış zərəri 1 milyard 711 milyon manata bərabər olub.







![“Azərenerji” yığılmış zərəri 1,7 milyardı keçdi – [red]MƏNFƏƏTDƏ 50 MİLYONLUQ AZALMA - HESABAT[/red] | FED.az](upload/news/small/1177644.jpg)
![“Azərenerji” yığılmış zərəri 1,7 milyardı keçdi – [red]MƏNFƏƏTDƏ 50 MİLYONLUQ AZALMA - HESABAT[/red] | FED.az](upload/news/small/1365591.jpeg)
![“Azərenerji” yığılmış zərəri 1,7 milyardı keçdi – [red]MƏNFƏƏTDƏ 50 MİLYONLUQ AZALMA - HESABAT[/red] | FED.az](upload/news/small/4387863.jpeg)









