“Azərenerji” ASC reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirir.
FED.az xəbər verir ki, yeni reaktorlar Azərbaycan enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulur. Sistem əhəmiyyətli yarımstansiyaları əlaqələndirən əsas 330 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətlərinin birləşdiyi və yük axınları olan yerlərdə böyük güclü idarəolunan şuntlayıcı reaktorlar quraşdırılır.
Bildirilir ki, layihə gerçəkləşdikdən sonra şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq xətlərin reaktiv yükünü qəbul etməklə, reaktiv yükün tənzimlənməsi ilə rejim imkanlarını yaxşılaşdıracaq, yük axınını tənzimləyəcək və bununla da reaktiv yükün kompensasiyası təmin ediləcək. İdarəolunan şuntlayıc reaktorlar xətlərin ötürmə qabiliyyətini artırmaqla yanaşı texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitlərinə qənaət etmiş olacaq.
Ölkə üzrə 2 ədəd idarəolunan şuntlayıcı reaktorun düyün nöqtələrində quraşdırılması enerjisistem üçün yetərli olsa da, 2030-cu ilin perspektiv inkişaf planına uyğun olaraq tələbatın, yüksəkgərginlikli yarımstansiyaların və elektrik verilişi xətlərinin sayının artmasına görə əlavə şuntlayıcı reaktorların qoyulması həyata keçiriləcək.