Dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşması bu bazara adi vətəndaşların marağını artırıb. Bəziləri hətta əlində olan pulunu verib neft almaq fikrinə düşüb. Onlar hesab edir ki, neft yığımları gələcək perspektivdə effektlidir.
«BTB Kapital» İnvestisiya şirkətinin rəhbəri Ruslan Cəfərov FED.az-a bildirib ki, neftə investisiya birjadakı törəmə maliyyə alətləri hesabına edilir: “Yəni, investisiya fiziki təslimatı olmayan neftə bağlı kontraktlar üzrə edilir. Neftə bağlı kontraktlar əsasən“futures”lər, “forward”lar və “cfd”lərdir”.
Ruslan Cəfərov son bir ayda bu əmtəə ilə ticarət etmək istəyən xeyli şəxs onlara müraciət etdiyini də deyib: ““ BTB Kapital” olaraq biz, neft və neftə bağlı alətlər üzrə ticarət etmək istəyən müştərilərimizə iki istiqamətdə bu imkanı yaradırıq. Bunlardan biri foreks dediyimiz marjinal ticarət, digəri isə xarici fond birjalarında ticarətdir”.
Şirkət rəhbəri onu da qeyd edib ki, foreks üzrə müştərilər təqdim etdiyimiz platformalar vasitəsi ilə brent, texas(WTI) və digər markalı neftə, forward CFD (fərq müqaviləsi) kontraktı əsasında asanlıqla investisiya edə bilirlər: “Bu kontraktların müddəti bir ay (əsasən hər ayın 20-də tamamlanır) olur. Kontrakt müddəti ərzində müştəri pulu həcmində istədiyi qədər alıb, sata bilir. Hazırda iyunda bitəcək bir kontraktın qiyməti, brent markalı 20 dollar ətrafında, texas markalı isə 14 dollar ətrafında ticarət olunur. Bir başqa xidmət isə müştərilərimizin xarici fond bazarlarında ticarətini təşkil etməkdən ibarətdir. Bu xidmət üzrə, müştərilər təqdim etdiyimiz platforma vasitəsi ilə neftə bağlı olan ETF-lərin paylarını, eləcədə bu sektorda fəaliyyət göstərən iri şirkət səhmlərini ala bilərlər”.
Ruslan Cəfərov deyir ki, neftin yenidən yuxarı qalxa biləcəyini nəzərə alsaq, bu gün bu əmtəə məhsulu üzrə pul yatırıb qazanmaq istəyən şəxslər üçün çox böyük imkanlar yaranıb: “Məsələn, dünyanın ən böyük neft əsaslı birja investisiya fondu (ETF) olan “The United States Oil Fund LP” (USO) misal çəkə bilərik. WTI markalı neftin xeyli dəyər itirməsi bu ETF-in səhmlərinin qiymətinin son iki ayda 76 % itkisinə də səbəb olubdur”.
Şirkət rəhbəri hesab edir ki, iqtisadiyyatların açılması neftə təkan verəcək: “Neftin hansı həcmdə və hansı müddətə alınması investorun özündən asılıdır. Gözlənilir ki, avqust-sentyabr ayında neft qiymətləri yuxarı həddə bərkiyə bilər.
Ruslan Cəfərov neft almaq istəyənlər üçün iki cür xidmət formasının olduğunu vurğulayıb: “Birinci, foreks xidmətidir. Hansı ki, burada xidmət haqqı yoxdur, sadəcə olaraq vətəndaş kontraktın adında qaldığı müddətdə slab komissiyaları ödəyir. Neftlə bağlı olan ETF və şirkət səhmlərinin alınması BTB Kapitalın taarif cədvəli üzrə minimum 5 dollardır”.