"Lukoyl" neft şirkəti Xəzərdə "Dostluq" yatağının işlənilməsində iştirak edəcək.
FED.az xəbər verir ki, bu barədə Türkmənistanın “Orient” informasiya agentliyi məlumat yayıb.
Eləcə də bax: Azərbaycan və Türkmənistan Xəzərdə işləmək üçün anlaşdı - PREZİDENTLƏRDƏN AÇIQLAMALAR
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb. Onlar neft-qaz sahəsində, xüsusilə Xəzərdə tərəfdaşlıq imkanlarını müzakirə ediblər. "Bu aspektdə bu yaxınlarda Azərbaycan ilə Türkmənistan arasında imzalanmış Xəzərdə “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunub”, - deyə məlumatda bildirilir.
Berdiməhəmmədov "Lukoyl" şirkətinin bu layihədə iştirak etməyə hazır olduğunu alqışlayıb. "Ələkbərov Türkmənistan liderini əmin edib ki, şirkət "Dostluq" yatağının uğurla işlənilməsi üçün səylərini əsirgəməyəcək. O, bununla bağlı sazişin imzalanmasının əməkdaşlığın yeni mərhələsi olacağına əminliyini ifadə edib", - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2021-ci il yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdə “Dostluq” (əvvəlki adı “Kəpəz”) yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Türkmənistanla sözügedən yatağın işlənilməsi haqqında yekun müqavilənin tezliklə imzalanacağına ümid edir.
Türkmənistan tərəfinin “Sərdar” adlandırdığı “Kəpəz” yatağı 1986-cı ildə azərbaycanlı mütəxəssislər tərəfindən kəşf edilib. Azərbaycan tərəfinin məlumatına görə, yatağın neft ehtiyatları təqribən 50 milyon ton həcmində qiymətləndirilir. (İnterfaks)